Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya böyük hesabla (1:4) məğlub olan "Roma"nın uğursuz seriyası davam edib.

Unikal.org apasport.az-a istinadən xəbə verir ki, "canavarlar" ÇL-dəki son 14 səfər qarşılaşmasında 13-cü dəfədi qələbə üzünə həsrət qalır.

Sonuncu dəfə ötən il, sentyabrın 27-də Bakıda "Qarabağ"a (2:1) qalib gələn A seriyası təmsilçisinin səfər sindromuna toxunan yerli mətbuat rəqiblər arasındakı fərqə xüsusi diqqət yetirib.

Həmkarlarımız "Barselona" ilə "Qarabağ"ı müqayisə etməyi də unutmayıblar: "2013-14 mövsümünün əvvəlindən "Barselona" öz meydanında məğlub olmur. Messi və onun dostları 23 qələbə qazanıb və yalnız 2 dəfə heç-heçə edib. 2015-ci ildə "Nou Kamp"da keçirilən matçın nəticəsi "Roma" tarixinin ən utancverici məğlubiyyətlərindən biri idi - 1:6. Komanda axırıncı səfər qələbəsini Azərbaycanda qazanıb. Amma adi futbol azarkeşləri də "Barselona" ilə "Qarabağ" arasındakı fərqin nə qədər olduğunu bilərlər".

Bundan əlavə, "Roma"nın hücumçusu Edin Dzeko "Barselona" ilə matçda fərqlənərək, klubun tarixinə düşüb. Bosniya və herseqovinalı forvard qollarının sayını 5-ə çatdıraraq, "canavarlar"ın heyətində ÇL-in bir mövsümündə ən çox qol vuran oyunçu adına yiyələnib. O, buna qədər cari mövsüm "Çelsi"ni 2, "Qarabağ" və "Şaxtyor"u isə 1 dəfə cəzalandırıb.

Qeyd edək ki, "Roma" ilə "Barselona" arasında cavab oyunu aprelin 10-da Roma Olimpiya Stadionunda keçiriləcək.