Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynlinin Unikal.org-a müsahibəsini təqdim edirik:

- Bu yaxınlarda bəzi idmançıların AMADA-nın keçirdiyi dopinq-testlərinin ilkin nəticəsi müsbət çıxıb. Bunlar arasında ağır atletlər Rövşən Fətullayev və İsa Rüstəmov də var. Amma bu barədə agentlik nədənsə açıqlama vermək istəmir.

- Onu deyim ki, idmançıda dopinq həm bizim, həm də beynəlxalq yarış zamanı beynəlxalq federasiya tərfindən də aşkarlana bilər. Buna müəyyən zaman laızmdır. Həmin müddət ərzində biz danışa bilmirik. Belə ki, ilk olaraq araşdırılır, daha sonra dinləmə prosesi keçirilir. Dinləmə bitdikdən sonra, intizam komitəsi tərəfindən qərar qəbul edilir. Bu komitə 5 nəfərdən ibarətdir. AMADA-ya aid deyil, müstəqildir. 21 gün keçdikdən sonra, heç bir tərəf apellyasiya şikayəti vermirsə, qərar WADA-ya (Dünya Anti-Dopinq Agentliyi) göndərilir. Onların da 21 gün gözləmə müddəti var. Səbəbi də qarşı tərəfin apellyasiyaya verə bilər. Bu müddət də başa çatdıqdan sonra biz bu haqda danışa bilir, məlumatı dərhal saytımıza yerləşdiririk. Əks halda bu barədə danışmaq, məlumat vermək ixtiyarımnız yoxdur. Çünki araşdırmadan sonra idmançının dopinq deyil, müəyyən xəstəliklə bağlı dərman atması da aşkarlana bilər. Həkimin verdiyi resept əsasında aldığı dərmanın tərkibində çıxa bilər, o zaman idmançıya heç bir sanksiya tətbiq olunmur. Belə hallar çox baş verib. Federasiya və ya idmançı özü bu haqda nə isə deyə bilər. Amma bizim agentlik kimi buna ixtiyarımız yoxdur.

- Hazırda WADA-dan dopinq-testinin nəticəsini gözlədiyiniz idmançılarımız var?

- Dopinq-testinin nəticəsini gözlədiyimiz çoxlu idmançılar var. Amma adlarını açıqlaya bilmərik. Onu bildirim ki, hardasa iki həftə sonra mətbuat konfransı keçirməyi planlaşdırıram. Orada çox maraqlı açıqlamalar olacaq. Fedrasiyalara çox ciddi xəbərdarlıqlarım olacaq.

- Bəs hazırda Azərbaycan idmançılarının durumu nə yerdədir?

- Onu deyə bilərəm ki, hazırda Azərbaycanda dopinqlə bağlı situasiya xoşuma gəlmir. Elə bununla əlaqədar mətbuat konfransı keçirəcəyik.

- Bəs yoxlanmadan keçmək üçün AMADA-ya könüllü müraciət edən qurumlar var?

- Onu istəyənlər olur. Bildirilər ki, "yarışımız olacaq, gəlin yoxlayın bizi. Amma bizdə qaydalar var. Biz kiminsə istəyi ilə dopinq-test keçirmirik. Öz proqramımıza uğun olaraq və beynəlxalq federasiyaların sifarişi ilə bu işləri həyata keçiririk.

-Bəs testdən boyun qaçıranlar olur?

-Əgər biz idmançıya bildirsək ki, səndən test götürəcəyik, o da ölkədən çıxar, testdən boyun qaçırarsa, biz ona 4 illik sanksiya tətbiq edirik. Bu durumla da rastlaşmışıq. Bu yaxınlarda da belə hal baş verib.

- Hazırda tanınan, üzdə olan idmançıların durumu nə yerdədir?

- Sizə heç bir ad açıqlaya bilmərəm. Testi biz çox məşhur idmançılardan da, digərlərindən də götürürük. Bu haqda bir az əvvəl də dediyim kimi, müəyyən prosedurdan keçdikdən sonra, sayta yerləşdirildikdən sonra açıqlama verə bilərəm. Mətbuat konfransında da ümumi olaraq bəzi məsələlərlə bağlı açıqlamalar verəcəm.

Aygün İlqarqızı