Azərbaycanda satılan ət və ət məhsulları təhlükə mənbəyidir
Azərbaycanda satılan ət və ət məhsulları təhlükə mənbəyidir

Diqqətli olun, sizə ulaq ətindən lülə, at ətindən dönər yedirə bilərlər!

Bakının Səbail rayonunda məşhur bir qəssab var, müştərilərə hər cür xidmət göstərir, əti yeməyinə görə doğrayır - kabablıq istəyənə kabab tikələri, bozbaşlıq istəyənə bozbaş tikələri hazırlayır. Amma bircə çəkilmiş ət işinə girişmir.

"Bir maşındır da, al, camaatın da canı rahat olsun",- deyə soruşduqda "İstəmirəm, çəkilmiş ətdə harama çox gedirlər. 1 kiloqram ətdən normalda 800 - 850 qram farş almaq mümkündür, qalanı maşının orasına burasına ilişib qalır. Bəziləri bunun qarşısını almaq üçün bəribaşdan maşına piy yağlayırlar. Amma onda da həmin piy ətə qarışaraq farşın keyfiyyətin pisləşdirir, üstəgəl ətin bir hissəsi qəssabın özünə qalır. Bu da əli harama öyrədir", - deyə bildirmişdi.
Onun sözlərinə görə, bu, hələ haramın ən ziyansızıdır: "İndi Bakıya gətirilən murdar ətlər, at-ulaq əti məhz çəkilmiş ətlərə qarışdırılaraq xırıd edilir. Mən bura farş çəkən aparat qoysam, bu cür ət satanlar gedib-gəlib məni boğaza yığacaqlar", - deyə qəssab vurğulayır. Qəssabın sözlərinə görə, at və ulaq əti mal ətinə nisbətən çox sərtdir və əzələləri açıqca bilinir. "Ulaq əti qaraya çalır və bişəndə rezin kimi olur. Yəni onu çəkili ətə qatmasalar dərhal tanınır. At əti isə çox qırmızı olur, əzələlidir və heç yağı yoxdur, həm də gec bişirir. Onu da farşa qatırlar ki, tanınmasın", - deyə qəssab bildirir.
Araşdırmalar göstərir ki, son bir-iki ildə Bakı bazarlarına at əti çıxarılması halları çoxalıb və bu, 2011-ci ildən başlayaraq Qazaxıstanın xaricdən at əti idxalına yaratdığı maneələrlə bağlıdır. Hadisə ilə yaxından əlaqəli olan mənbənin verdiyi məlumata görə, daha öncə Azərbaycanda xüsusi iş adamları olub ki, onlar camaatdan yaşlanmış və ya zədələnmiş atları alaraq kəsirmişlər və xüsusi soyuducu maşınlarda bərə ilə Qazaxıstanın Aktau limanına keçirirmişlər. Oradan sonra ət Qazaxıstanın və Özbəkistanın müxtəlif şəhərlərinə daşınırmış. Lakin bir il qabaq Qazaxıstan Rusiya və Özbəkistandan, o cümlədən Azərbaycandan da at əti idxalını dayandırıb və bunu ölkədəki atların baş sayının son 5 ildə 300 min artaraq 1,5 milyona çatması ilə izah edib. Təbii ki, bu Qazaxıstana ət aparan azərbaycanlı iş adamlarının biznesinə son qoyub.
Və bu işbazlar böyük pullar itiriblər - Qazaxıstanda at ətinin kiloqramı 12 dollar olduğu halda, işbazlar Azərbaycanın rayonlardan ətin kiloqramını 3-4 dollara alırdılar. Qazaxıstanda at ətindən xüsusi kolbasa - "kazı" hazırlayırlar və bu, qazaxların ən sevdiyi ət məmulatlarındandır. Qazaxlar at ətini pəhriz yeməyi sayırlar və tərkibində yodun çox olduğunu, atın vərəmə, dabağa və quduzluğa tutulmadığını xüsusi vurğulayırlar. İdxala qoyulan qadağa Qazaxıstanda at ətinin daha 20% bahalaşmasına səbəb olub, həm də Azərbaycan istehlak bazarını camaatın yeməyi ağlına belə gətirmədiyi at ətinin qeyri-leqal ticarəti ilə üz-üzə qoyub.
Daimi müştəri olmadığından təklif olunan ətin də keyfiyyəti pisləşib, yəni əhali artıq atı və ulağı tələf olanda, ya da ölüm ayağında olanda kəsməyə qərar verir. Bu da ətdə müxtəlif bakteriyaların yaranması ilə müşayiət olunur. Ən dəhşətlisi isə bu cür ətlərin kasıb əhalinin kütləvi alış-veriş etdiyi yarmarkalarda satılmasıdır. Elə bu yaxınlarda Bərdə rayonundan Bakıya 140 kiloqram at əti gəğtirərkən polis tərəfindən saxlanmış şəxslərin də Sumqayıt yarmarkasında ət alveri etdiyi ortaya çıxıb.
Dövlət Baytarlıq Xidmətinin müfəttişlik sektorunun müdiri Tofiq Atazadənin verdiyi məlumata görə, onlara qarşı qaldırılmış cinayət işi at əti satmaları ilə bağlı deyil: "Laboratoriya analizləri göstərir ki, onlar atı murdar olduqdan sonra kəsiblər. Belə əti əhaliyə satmaq cinayətdir, çünki insanların sağlamlığı üçün təhlükə törədir", - deyə Tofiq Atazadə vurğulayır.
Ət bazarını yaxından bələd mənbələrin bildirdiyinə görə isə, mənşəyi naməlum ətlər əsasən farşa çevrilərək iri supermarketlərə verilir: "Təbii ki, at və ya eşşək əti 100%-lik səviyyədə qablaşdırılmır, mal ətinə qatılır. Məsələn, 70% mal əti, 30% isə şübhəli ət olur. Belə olanda, alıcı ətdən şübhələnmir", - deyə bir neçə ay öncə Bakının mərkəzində yerləşən supermarketlərdən birində işləmiş şəxs bildirir: "Ən dəhşətlisi isə odur ki, başqa yerlərdə ətin kiloqramı 8 manata satılanda supermarketlərdə ət 8,5 manata satılır". Mənbənin dediyinə görə, Bakının mərkəzindəki supermaketlərin əksəriyyətində inək əti adı altında camış əti satılır: "Marketlər camış ətinə ona görə meyllidirlər ki, ucuzdur, topdansatış 5 manatdan alırlar". Mal-qoyun alverçilərinin dediyinə görə, kütləvi bazarlarda və supermarketlərdə satılan ətlərin əksəriyyəti camış ətidir. "Şəhər mərkəzindən gələn adamlar təəccüblənir ki, sizin ət niyə ağ deyil. Çünki marketlərdən və bazarlardan həmişə camış əti alırlar", - deyə bildirirlər. Bəzi qəssablar da camış əti satmaqdan özlərini saxlaya bilmirlər, yəni həm dana kəsərək müştəri cəlb edir, həm də topdansatış kəsim məntəqələrindən camış əti alaraq onun gözünə qatırlar, yəni 100 kiloqram dana əti satanda 50 kiloqram da camış əti "əridirlər". Mal-qara alverçilərinin dediyinə görə, Bakıda satılan mal ətinini yarıdan çoxu camış ətidir. "Bəlkə də baş sayında inək çox olar, amma çəkidə camış üstünlük təşkil edir. Gün ərzində Bakıda təxminən 200 mal kəsilir və bunun yalnız 70-i camış olar. Amma camışlar çəkidə üstündür, eləsi var ki, 250 kiloqram ət verir. Yəni bir camış 70-80 kiloqram ət verən üç danadan üstündür", - deyə alverçilər vurğulayırlar.
Qeyd edək ki, bu məsələdə islami cəhətdən heç bir günah olmasa da, qiymət məsələsində əhali aldanır, çünki camış ətinin kiloqramının topdansatış qiyməti mal ətindən 2-3 manat ucuzdur. Camış ətinin yaratdığı daha bir problem isə onun həzm üçün problem yaratmasındadır, xüsusilə də yay vaxtı camış əti bədənə qızdırma verir və diskomfort yaradır.
Qısacası, Bakıda və digər iri şəhərlərdə ət satışında problemli məqamlar çoxdur və Dövlət Baytarlıq Xidməti bu problemlərin bir qismini həll etmək iqtidarında olduğunu vurğulayır: "Məsləhət görərdik ki, üzərində Baytarlıq Xidmətinin möhürü olmayan ətləri almasınlar. Möhür vurulan ətlərin at və ya eşşək əti olması da qeyri-mümkündür. Çünki bizim mütəxəssislər belə ətləri dərhal tanıyırlar və satışdan çıxarırlar", - deyə Tofiq Atazadə bildirir. Camış ətinin inək adı altında satılması məsələsinə gəldikdə isə, yəqin ki, bununla bağlı "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna xüsusi əlavələr edilməlidir. Hər halda, bu məsələdə istehlakçının aldadılması baş verir.
Çingiz Rüstəmov