Abşeron rayonu, Xırdalan şəhəri, B.Y.Cəfərov adına Texniki və Tamayüllü 3 nömrəli məktəbin IX sinif şagirdi Emin Rzazadənin "Bir gəncin düşüncələri adlı ilk kitabının təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, təqdimat mərasimində məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər iştirak edib.

Toplantını giriş sözü ilə açan məktəbin direktoru Sevinc Məmmədəliyeva müəllifin öz yaşına uyğun müdrikliyindən, yazıların səmimiliyindən, fərqli şəxsiyyətindən bəhs edərək, Eminə gələcəkdə dərslərində və yaradıcılığında uğurlar arzu edib.

S.Məmmədəliyeva vurğulayıb ki, "Bir gəncin düşünçələri kitabına ölkəmizin dünəni və bu günü, tariximizin unudulmaz hadisələri və şəxsiyyətləri haqqında müəllifin düşünçələrindən ibarət məqalələri toplanıb. Məqalələrin mövzusu müxtəlif olsa da, hər birində yazıçının özünəməxsus yazı ahəngi seçilir.

Görüşdə müəllif Emin Rzazadə çıxış edərək bu gün təqdimatı keçirilən "Bir gəncin düşünçələrinin onun ilk kitabı olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, bu vaxtadək, məqalələri qəzet və jurnallarda çap olunmuşdur.

Digər çıxış edənlər qeyd ediblər ki, Eminin 40 səhifəlik kitabında milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq, xalqa sevgi və dövlətçiliyimizə ehtiram, işıqlı gələcəyimizə inam ruhu hakimdir.

Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.