Azərbaycan Coca-Cola və McDonalds-ına "Boliviya resepti"
Azərbaycan Coca-Cola və
McDonalds-ına "Boliviya resepti"

İki məşhur markanın ölkəmizdəki aqibəti necə olacaq?

Dünən KİV-lərdə maraqlı bir məlumat vardı. Buna həm yeni, həm də köhnə xəbər demək olar. Yenidir ona görə ki, burada konkret bir ölkənin iki məşhur brend barədə konkret bir qərarından söhbət gedir. Xəbərin köhnəliyi isə ondadır ki, əslində bu brendlərlə bağlı analoji qərarlar indiyədək dünyanın çekşidli ölkələrində qəbul olunub.

Gələk xəbərin özünə. Orada bildirilir ki, məşhur Amerikan şirkətləri Coca-Cola və McDonaldsın Boliviyadakı fəaliyyətini tamamilə dayandıracaq. Bu barədə Telesur kanalı məlumat verir.
Məlumata görə, Bolivar hökuməti dekabrdan Coca-Cola şirkətinin dövlət ərazisində fəaliyyətini qadağan etmək istəyir. Sürətli qidalanma şəbəkəsi isə bəzi iqtisadi səbəblər üzündən bağlanılır. Boliviyanın xarici işlər naziri David Çokeunka qeyd edib ki, Coca-Cola ilə bağlı qadağa dekabrın 21-də qüvvəyə minəcək: "Bu qərar Mayya təqviminin başa çatması ilə çox gözəl ahəng təşkil edəcək və kapitalizmin sonu və həqiqi mədəni həyatın başlanğıcına həsr olunmuş bayram tədbirlərinin bir hissəsi olacaq".
Onun sözlərinə görə, bu gün eqoizm erası və insanların müxtəlif xalqlara parçalanmasının sonu olacaq: "21 dekabr Coca-Cola içkisi üçün son və mokoçinçe (şaftalı əsasında hazırlanmış içki) üçün isə başlanğıc olacaq. Planetlər həmin gün 26 min il ərzində ilk dəfə bir sıraya düzüləcək, bu isə kapitalizmin sonu və kommunitarizmin başlanğıcı deməkdir".
Boliviyada Coca-Cola istehsalına qadağa qoyulması isə birbaşa olaraq, onun insan sağlamlığı üçün zərərli olması faktoru ilə bağlıdır. Həmçinin bunu milli mədəni mirasın qorunub saxlanması kimi qiymətləndirmək olar.
Xatırlatmaq yerinə düşər ki, adıçəkilən iki məşhur brend Azərbaycanda da fəaliyyət göstərir və bizim istehlakçı hüquqlarının qorunması ilə məşğul olan ictimai qurumlarımız və müstəqil ekspertlərimiz də istər Coca-Cola, istərsə də McDonalds məhsullarının insan sağlamlığı nöqteyi-nəzərindən ziyanlılığı barədə möhkəm əndişə içərisindədirlər. Onlar müxtəlif vaxtlarda adıçəkilən məhsulların ölkədə istehsal və istehlakının təhlükəliliyi barədə həyəcan siqnalı çalıblar.

Məsələn, onlar dəfələrlə bəyan ediblər ki, 120 ildən artıqdır ki dünyada istehsal edilən Coca-Cola sərinləşdirici içkisinin tərkibi barədə heç kimin məlumatı
yoxdur və dnyada ən tanınmış spirtsiz içki olan bu məhsul barədə ictimaiyyətə məlumat verilməməsi aşkar şəkildə istehlakçı hüquqlarını kobud pozur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov keçənlərdə verdiyi bir açıqlamada bəyan edib ki, ki, Azərbaycanda da satışı çox geniş yayılan bu içkinin tərkibi barədə nəinki ictimaiyyətə, heç aidiyyəti dövlət qurumlarına da məlumat verilmir: "İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar birmənalı olaraq uşaq müəssisələrində, məktəb bufetlərində, uşaq bağçalarında Coca-Cola içkisindən istifadəni məsləhət görmür. Bununla bağlı dünyada istehlakçı hüquqlarını qoruyan təşkilatlar kompaniya aparır ki, kiçik yaşlı uşaqlar Coca-Coladan istifadə etməsinlər. Bu içkinin cəhətlərindən biri odur ki, isti havalarda "Coca-Cola" içəndə insanın daxilində sərinlik yaranır . Bu isə o deməkdir ki, bu içki insan orqanizmindən enerji ayırır".
Ekspertlərin ortaq rəyinə görə, Coca-Cola hansı hansı ölkədə oturursa, həmin ölkəni iqtisadiyyatına təsir edən bir qüvvəyə çevrilir. "Hətta "Coca-Cola" o qədər reklam olunur ki, kiçik yaşından insanların beyninə yol tapıb. Əgər bu şirkət öz məhsulunun yerinə həmin rəngdə digər məhlul doldurub satarsa, camaat yəqin 8-10 ildən sonra başa düşər ki, bu nədir. Çünki artıq bu məhsul insanların beyninə körpə yaşından yeridilib. Tərkibini istehlakçıya açıqlamayan Coca-Cola bütün dünya istehlakçılarının hüquqlarını pozur. Çünki, istehlakçının mal haqqında informasiya almaq hüququ var. Bu isə gizli saxlanılır. Düzdür, şirkət bunu biznes sirri adlandırsa da, bu belə deyil. İstənilən malın tərkibi istehlakçıya açıqlanmalıdır. İstehlakçı nə içdiyini bilməlidir. Mən təəssüf edirəm ki, bütün dünyada, o cümlədən Azərbaycanda Coca-Colanın üzərinə özlərinin markasını vurur. Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi də bu malın tərkibini bilmədiyi haldaonun üzərinə AZS standartı nişanını vurub. Agentlikdən soruşmaq lazımdır ki, həmin içkinin tərkibini öyrənib AZS standartı nişanını onun üzərinə vurub, yoxsa yox" - bunu da Eyyub Hüseynov bildirib.
McDonaldsla bağlı da oxşar vəziyyətdir. Yenə Azad İstehlakçılar Birliyi sədrinin sözlərinə görə, McDonalds uşaqların həyatına sui-qəsd hazırlayır: "Dünyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan İnternational Consumer Union adlı təşkilat var. Onlar mütəmadi olaraq insanların fastfooddan , yarımfabrikat qidalardan, qurudulmuş undan hazırlanmış çubuqlardan, çipsilərdən, dəfələrlə eyni yağda bişirilmiş kartoflardan uzaq durmaları üçün anti-reklam kampaniyaları aparır. Avropada kampaniyaların davamlılığı, qeyri-hökümət təşkilatlarının ciddi səyi insanları təbii qidalanmaya yönəldir. Dönər hazırda demək olar ki, türklərin sayəsində bütün dünyaya ayaq açıb. Hər yerdə də bu fastfood rolunu oynayır. Ancaq bizdə vəziyyət daha acınacaqlıdır. Dönər mənşəyi məlum olmayan ətdən hazırlanır. Ayaqüstü hazırlanan və yeyilən dönər küçədə toz torpağın döyənəyinə çevrilir. McDonalds isə bütün dünyanın gələcəyinin məhvinə hesablanmış bir şəbəkədir. Rəngarəngliklə uşaqları cəlb edib sağlamlıqlarına elə bir zərbə vururlar ki, bu zərbələr ömürlərinin sonuna qədər müxtəlif xəstəliklərlə onları izləyir. Valideynlər övladlarını zərərli qidalardan qorumağa borcludur. Gələcək nəsli sağlam görmək istəyiriksə, süni, mənşəyi qeyri-məlum qidalardan qaçmalıyıq".
Bütün bunlardan sonra isə bizə bu sualı qoymaq qalır: Azərbaycanda da adıçəkilən iki məşhur marka ilə bağlı "Boliviya təcrübəsi" tətbiq oluna bilərmi? Əlaqədar qurumlar, istehlakçı hüquqlarının qorunmasına və camaatın sağlamlığına cavabdeh qurumlar bu haqda nə düşünürlər?
Sual bizdən, cavab məsul şəxslərdən. Gözoləyirik.

Ülviyyə Qasımlı