Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab komitəsinin yaradıldığını bəyan edib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: "Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər, - deyə Nikol Paşinyan mitinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt Yerevanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.
Aksiyadan sonra etirazçılar mərkəzi küçələr boyu yürüş keçiriblər. Nikol Paşinyan tərəfdarlarını meydanda gecələməməyə və sabah yenidən aksiyaya toplaşmağa çağırıb.