"Cəmiyyətdə xüsusi narahatlıq doğuran həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində deyilir.

Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz: 

"Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.