İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə bir sıra ölkələrin rəhbərləri ona təbrik məktubu ünvanlayıb.

Unikal.org həmin təbrik məktublarını təqdim edir:

"Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Vurğulamaq istərdim ki, Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə, rifah və uğurların təminatına səs verdi. Keçən dövr ərzində Sizin ölkənizin siyasi, iqtisadi və mədəni sahələrdə inamlı inkişafının şahidi olduq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası daha böyük uğurlara nail olacaq.

Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq, möhkəm mədəni əlaqələr və uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq hissləri yaşamışlar. Xalqlarımız hər zaman öz gələcəkləri və ölkələrinin rifahı naminə bir-birinin yanında olublar. Ölkələrimiz öz suverenliyi və ərazi bütövlükləri naminə mübarizəyə birgə qoşulmuş və regionda sülhə və sabitliyə nail olmuşlar. İnanıram ki, strateji tərəfdaşlar olaraq, xalqlarımızın mənafeyi naminə əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi uğurlu nailiyyətlərə gətirib çıxaracaqdır.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə Zati-alinizə xoşbəxtlik, cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

"Polşa Respublikasının Prezidenti Andjey Dudadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Mən inanıram ki, Polşa ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlıq və dostluq münasibətləri dinamik inkişaf edərək ölkələrimizə və xalqlarımıza mühüm töhfə verəcək. Keçən ilin iyun ayında Polşaya səfəriniz sayəsində iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə yeni mərhələyə qədəm qoydu. Biz xüsusən də iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi vasitəsilə bu əlaqələri daha da genişləndirmək istərdik.

Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Azərbaycan hərtərəfli inkişaf, həmçinin yeni strateji əməkdaşlıq razılaşması çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi üçün əlavə imkanlar əldə edəcək. Ümidvaram ki, Azərbaycanın mühüm rol oynadığı bir neçə beynəlxalq infrastruktur və nəqliyyat layihələri regionun davamlı rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və uğurlu sosial-iqtisadi islahatların aparılmasında Sizə müvəffəqiyyətlər arzu edirəm".

"Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Cənab Prezident, yüksək ehtiramımı qəbul edin".