"AzərişıqASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində aktiv iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.

Unikal.org xəbər verir ki, "Azərbaycan Respublikası regonlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası haqqında ölkə prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq keçirilən belə tədbirlərdən biri də, bu gün Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının binasında baş tutub. "Azərişıq ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzovun başçılığı ilə keçirilən tədbirfə İşə Qəbul Komissiyası qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin Səhmdar Cəmiyyətdə işə götürülməsi üçün müsabiqə təşkil ediblər. Müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb.

Qeyd edək ki, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər "Azərişıq ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.

Onu da nəzərə çatdıraq ki, "Azərişıq ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən istifadə olunur. Bunlar əsasən Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan, Səhmdar Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən. "Azərişıq ASC bu cür müsabiqələri davam etdirəcək.