Bəşər Əsəd jurnalistləri də qırmağa başladı
Bəşər Əsəd jurnalistləri də qırmağa başladı
Obama Suriya diktatorunun “qulağını çəkdi”

Suriyanın Hələb şəhərində yaponiyalı qadın jurnalist öldürülüb. Yaponiyanın Xarici İşlər Nazirliyi bildirib ki, 45 yaşlı Mika Yamamoto Hələb şəhəri “od-alova bürünəndə” ordan xəbər verirdi.

Suriyada İnsan Hüquqları Müşahidəçiləri qurumundan bildiriblər ki, bu həftələrdə daha 3 xarici jurnalist itkin düşüb. Məlumata görə, onlardan ikisi ərəbdir, biri türk müxbirdir.
Bu arada ABŞ prezidenti Barak Obama isə deyib ki, Suriya prezidenti Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi Birləşmiş Ştatların münaqişəyə təsir perspektivini dəyişə bilər.
Avqustun 20-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Barak Obama deyib ki, o, “hazırkı məqamda” Suriyaya hərbi müdaxiləyə göstəriş verməyib. Amma o, Əsədə xəbərdarlıq edib ki, kimyəvi silahdan istifadə ABŞ-ın bu münaqişəyə müdaxilə ilə bağlı fikirlərini dəyişə bilər. “Kimyəvi vasitələrdən və silahdan istifadə edildiyini görsək, bunun böyük nəticəsi olacaq”, - Barak Obama deyib.
Suriya baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Qədri Cəmil isə ABŞ prezidenti Barak Obamanın Suriyaya müdaxilə təhdidinin seçki təbliğatı olduğunu söyləyib. Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra RİA Novostidə keçirilən mətbuat konfransında danışan Cəmil, "bütün oyunlar ABŞ-ın seçki işləri ilə əlaqədar oynanır", - deyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 6 noyabrda keçiriləcək.
Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında hərbi müdaxiləni nəzərdə tutan qanunlara veto qoymasından sonra Qərb ölkələrin Suriyaya müdaxilə üçün fürsət axtardığını deyən Cəmil, "belə bir müdaxilənin olmayacağını söyləmək məcburiyyətindəyəm", - deyib.
Qərb ölkələrinin böhranı genişləndirmək və Suriyanın kənarına çıxarmaq istədikləri tənqidini səsləndirən baş nazir köməkçisi, "Bəşər Əsədin istefası bütün tərəflərin dialoqu başlatmasından sonra düşünülə bilər", - təklifini də səsləndirib.
Əsədin istefasından sonra dialoq imkanı olmayacağını xatırladan Cəmil, "bu cür addımlar Suriya xalqının qərarı ilə verilməlidir. Bu barədə əvvəlcə Suriya xalqına sual etmək lazımdır. Bunun xaricindən təlqin edilməsi, beynəlxalq əlaqələr baxımından çox təhlükəli bir sfera yaradar", - deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da kənardan çoxlu sayda müdaxiləyə baxmayaraq, Suriya böhranın hələ də daxildə həll edilməsi ehtimalının olduğunu söyləyib.
Suriya ötən ay etiraf edib ki, onun kimyəvi və bioloji silahı var və rejim ondan “xarici təcavüz” zamanı istifadə edə bilər.
Suriyadan gələn xəbərlərə görə isə, avqustun 20-də ölkənin bir çox ərazisində, o cümlədən, Dəməşqə yaxın yerlərdə ölümcül döyüşlər davam edib. Srağagün məlumat gəlib ki, Suriya ordusu paytaxt Dəməşqin ətraf rayonlarında üsyançılara qarşı xüsusi əməliyyatlar keçirib. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, əməliyyatlar zamanı baş vermiş qarşıdurmalarda azı 20 nəfər öldürülüb. Üsyançıların olduğu bölgələrə ağır artilleriya yeridən ordu qüvvələri çoxlu sayda yaşayış məntəqələrini dağıdıblar. Müxalif fəallarının sözlərinə görə, son iki gündə bu bölgədə 70-ə yaxın adam öldürülüb. Hələb şəhərində isə, orduya məxsus qırıcı təyyarələr üsyançıları raket atəşinə tutublar. Nəticədə 10 nəfər həyatını itirib.
Bu arada, müxalifət fəalları bəzi bölgələrdə meşə yanğınlarının baş vermə səbəbini öldürülən üsyançıların cəsədlərinin yandırılması ilə izah ediblər. Onlarlın sözlərinə görə, hökumət qüvvələri bu yolla cinayətlərinin izlərini itirməyə çalışır.
Suriya ordusunun Hələbdə aparılan əməliyyatlarına rəhbərlik edən general-mayoru cəmi 20 gün ərzində şəhəri üsyançılardan təmizləyəcəyini söz verib. Bu barədə nüfuzlu “İndependent” qəzetinin Suriyada ezamiyyətdə olan müxbiri Robert Fisk xəbər verib.
Adının çəkilməsini istəməyən general bildirib ki, üsyançıların sırasında türklər, çeçenlər, əfqanlar, liviyalılar, sudanlılar və həmçinin killerlər döyüşür.
Onun sözlərinə görə, üsyançılar hökumət qüvvələrinə anidən hücum edir və tez bir zamanda siçovul kimi kanalizasiyalarda gizlənirlər.
Fisk bildirib ki, sakinlərin sözlərinə görə, onların şəhərlərini məhz gəlmələr döyüş meydanına çevirib.
Xatırladaq ki, BMT-nin hesablamasına görə, Suriyada iğtişaşlar başlayandan bəri 18 min adam öldürülüb, 170 min adam ölkəni tərk edib. Suriyada qalan 2.5 milyon adamın isə yardıma ehtiyacı var.
Kənan Rzaquliyev