Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinə yekun vurulub.

Unikal.org xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.

Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen "ShamkirChess"də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub.

Qalan görüşlərdən 3-də də eyni nəticə qeydə alınıb.

Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu sınağa çəkib. Tərəflər 27-ci gedişdə heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov qara fiqurlarla çexiyalı autsayder David Navara ilə xalı 23-cü gedişdə yarı bölüb.

Daha bir "sülh" polşalı Radoslav Voytaşeklə hollandiyalı Aniş Giri arasındakı görüşdə qeydə alınıb. Onların qarşılaşması 32-ci gedişdə yekunlaşıb.

Nəhayət, ən uzun sürən partiyada rusiyalı Sergey Karyakin bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. 5 saat 12 dəqiqə davam etmiş görüş Karyakinin qələbəsi ilə yekunlaşıb. Bununla da Karyakin 5 xalla 3-cü yeri tutub.(report)