Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. 

Unikal.org xəbər verir ki, çıxış edən Komitə sədri Kərəm Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı, uğurlu islahatlar iqtisadiyyatın fundamental inkişafını təmin etməklə, ölkədə sosial-iqtisadi inkişaf dinamikasının stabilliyini qoruyub saxlayır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin təmin olunmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Komitə sədri qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək. Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək.

Komitə də dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron uçotunun qurulması, torpaq inzibatçılığı istiqamətindəki görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib.

Müasir çağırışlar əsasında effektiv torpaq idarəçiliyi istiqamətində mühüm layihələr reallaşdırılır, bu sahədə mütərəqqi texnologiyalar və qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi yaradılır.

Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.

Torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə, münbitliyin operativ qaydada öyrənilməsinə imkan verən yeniliklərdən biri də mobil torpaq laboratoriyalarının istifadəyə verilməsidir. Birbaşa yerlərdə xidmət göstərən mobil laboratoriyaların başlıca məqsədi kəndli və fermerlərə yaxından dəstək olmaqdır.

Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mühüm yeniliklərdən biri isə artıq çıxarışların 1 iş günü müddətində verilməsi olub. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat sahəsində tətbiq olunan Elektron çıxarış, Əmlakın qeydiyyatı kalkulyatoru kimi funksional layihələr də idarəetmənin müasir prinsiplər əsasında həyata keçirilməsinə imkan vermişdir. Elektron çıxarış sisteminin tətbiqi qeydiyyat prosesinin tam olaraq avtomatlaşdırılmasına imkan verib. Sistemin istifadəsi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır.

Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün "əks zəng xidməti və sosial sorğu layihələrinə start verilib. Bu layihələr vasitəsilə vətəndaşlardan qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür.