Qəbul imtahanlarında iştirak edən şəxslərin psixoloji vəziyyətini, onların valideynlərinin, yaxınlarının narahatlığını nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi (DİM) tərtib olunmuş test tapşırığına və onların cavablarına maksimum dərəcədə ciddi nəzarət etməlidir. Amma təəssüf ki, zaman-zaman təcrübəli şəxslər tərəfindən çox ciddi şəkildə səhvlərə yol verilir.

Təsəvvür edin, bir abituriyent 3 saat ərzində ali təhsil almaq üçün seçdiyi ixtisas qrupu üzrə ona təqdim olunmuş 5 fəndən 125 müxtəlif dərəcəli test tapşırıqlarına, yanında heç bir köməkçi vasitə olmadan cavab tapır. Amma Dövlət İmtahan Mərkəzinin hər fənn üzrə 3-4 müəllim-eksperti kifayət qədər resurslarla seçdikləri test tapşırıqlarında və onların cavabları zamanı qüsurlara yol verirlər.

Qəbul imtahanlarında iştirak edən abituriyent hansısa bir test tapşırığına səhv cavab verəndə, səhv edəndə imtahan keçirən orqan onları bağışlamır, ballarından çıxır. Lakin özləri səhv edəndə kimsə cəzalanmır.

DİM-in səhlənkarlığı ucbatından indi hansısa bir abituriyent psixoloji gərginlik keçirib, bal hesablamasında bəlkə də keçid balı toplaya bilməyib deyə özünə fiziki əziyyət verib.

Unikal.org xəbər verir ki, bununla bağlı musavat.com-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu il mayın 13-də keçirilən imtahanda da test tapşırığında qüsur olub: "Rəşid bəy və Səadət xanım əsəri fransız dilində nəşr olunub. Amma Fransada yox... Belə səhvlər olur. Adını nə qoyurlar? Diqqətdən kənarda qalıb. Hörmətli DİM, sizin 10-15 il və daha çox illərlə təcrübəsi olan, o ixtisas üzrə müəllim, repititor olan ekspertiniz düzgün sualı seçə bilmir, 17 yaşlı uşaq 5 fəndən 3 saata nə etsin? Sabah abituriyentin biri gəlib desə ki, ay DİM, bu sual mənim diqqətimdən yayınıb, düzəliş edək, edərlər? Yox, əlbəttə ki...

DİM-ın əvvəlki illərdə keçirdiyi qəbul imtahanlarında da test tapşırığı səhv olub və ya cavab səhv verilib. Elmi səhvlər, texniki səhvlər olub. Bunlar onu göstərir ki, test tapşırığı seçiminə nəzarət ciddi şəkildə həyata keçirilmir.

K.Əsədov bildirir ki, 2004-cü ildə III qrup, A variantı üzrə tarix fənnindən təqdim olunan 60 saylı test tapşırığı, 2017-ci ildə III qrup rus bölməsində tarix fənnindən təqdim olunmuş test tapşırığında da səhv olub: "Bu il tarix fənnindən təqdim olunmuş III ixtisas qrupu üzrə 1 sual məntiqi, 1 sual isə elmi cəhətdən səhv idi. Yəni hər il belə hallar baş verir. Təəssüf ki, bəzi müəllimlər öz münasibətləri naminə göz yumurlar, susurlar. Bunları daha çox edənlər DİM ilə əməkdaşlıq edən repititor müəllimlərdir. Onlar reklam üçün özlərini DİM-in bunker müəllimi kimi qeyd edib, uşaq yığırlar.

Buradan bir sual meydana çıxır. Bəs, 700 bal toplayan abituriyentlərin qarşısına belə suallar çıxmayıb?

K.Əsədovun fikrincə, həmin abituriyentlər təqribi ən yaxın variantı seçiblər. Ekspert hesab edir ki, belə hallarla bağlı Təhsil Nazirliyi də qəbul imtahanlarını təhlil edib, öz mövqeyini ortaya qoymalıdır. Təəssüf ki, Təhsil Nazirliyi belə vacib məsələlər ilə bağlı heç bir münasibət bildirmir.