Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Müsabi Namazov ifadə verib.

O deyib ki, A. Alışanova qarşı sui-qəsd barədə ilk dəfə Şamaxıda olanda eşidib. Şahid bildrib ki, A. Alışanovu 600 min manat müqabilində Ş. Əkbərovun evinin qarajında öldürməyi planlaşdırıblar: 

"Dedilər ki, sənə 600 min manat pul veririk ki, A. Alışanovu öldürəsən. Sonra mənə silah verdilər. Həmin ərəfədə Arif Alışanov Şamaxıya gəldi, görüşdük. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçalıya yalandan dedim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd olmaz. Mənə tapşırıq vermişdilər ki, Arif Alışanovla yanaşı, onun yanında olan şəxsləri də güəllələyim. Sonra mən bu barədə Bakı şəhərinə gəlib, polisə məlumat verdim. Arif Alışaova qarşı sui-qəsd təşkil ediləcəyini dedim".

Şahid vəkillərin suallarını cavablandırarkən təklifdən imtina etməməyinin səbəbini də açıqlayıb: "Əvvəlcə ona görə razılaşdım ki, təqsirləndirilən şəxsləri aldadım və tərkislah edim. Sonra polisə məlumat verəcəkdim. Qətl hadisəsini Qoçalı Cəbiyevlə birlikdə törətməli idim".

Sonra şahid təqsirləndirilən Ş. Əkbərovun suallarını cavablandırıb. Ş. Əkbərov şahiddən uzun müddət dost olduqları halda, nəyə görə ailə üzvlərinə deyil, məhz polisə məlumat verdiyi barədə soruşub. Şahid isə deyib ki, ortada cinayət faktı olduğuna görə, polisə məlumat verməli olub.