20 İyun 2019
“Ortalıqda ölüm faktı var, cinayət var”
“Ortalıqda ölüm faktı var, cinayət var” MÜSAHİBƏ 12:47 2012-08-25

“Ortalıqda ölüm faktı var, cinayət var”
“Ortalıqda ölüm faktı var, cinayət var”

Hafiz Hacıyev: “ İstəmirəm ki, istintaqın işinə maneçilik eliyəm”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin eks-prezident Elçibəyin zəhərlənib öldürülmsəi ilə bağlı Baş Prokurorluğa rəsmi müraciəti cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bu barədə suallarımızı elə onun özü cavablandırır.

-Sizin Respublika Baş Prokurorluğuna mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlədilməsi ilə bağlı etdiyiniz müraciət ölkə mətbuatında geniş müzakirə edilir və açığı budur ki, ən müxtəlif siyasətçi və ziyalıların, ekspertlərin qatıldığı bu müzakirələrdə Elçibəyin zəhərlədilməsi faktı şübhə altına alınır və hesab edilir ki, bu iddianın real əsası yoxdur. Bütün bunlardan sonra siz öz iddianızda yenə də israrlı olaraq qalırsınızmı?
-Mən çox təəssüf hissi keçirirəm. Birincisi, kim deyir ki, mərhum Elçibəyin zəhərlədilməsi faktının real əsası yoxdur? Artıq respublikanın Baş Prokurorluğunda bu faktla bağlı cinayət işi başlanıb. Cinayət işi, adətən, fakt əsasında açılır. Əlbəttə ki, Kərimov Əlinin əlinin altında olan və onun xarici kəşfiyyatdan aldığı 10 milyon pulun hesabına nəşr edilən müəyyən qəzetlər çalışırlar ki, belə bir rəy yaratsınlar. Bir qrup ziyalılar var, hansı ki onlar terroristləri də müdafiə edirlər, ərindən böşananları da müdafiə edirlər, oğruları da dəstəkləyirlər, onlar da başlayıblar Kərimov Əlini müdafiə etməyə. Amma bu, ictimai rəy demək deyil. Azərbaycanda belələrinin siması hamıya bəllidir. Azərbaycan cəmiyyəti vurulmuş adamlardan ibarət deyil, taleyindən küskün adamlardan ibarət deyil. Ona görə də sualda nəzərdə tutduğunuz fikirlə razılaşmıram ki, Elçibəyin zəhərlədilməsi faktı şübhə altına alına bilər. Necə əsas yoxdur? Əsas var ki, bununla bağlı cinayət işi qaldırılıb da. Onların öz qəzetlərində də Adil Minbaşı, Mirmahmud Mirəlioğlu və adını çəkmək istəmirəm, Elçibəyin ən yaxın silahdaşlarının açıqlamaları gedir... İndi bunların hamısı yalan oldu, Kərimov Əlinin keçmişdə pambıq zəhmətkeşlərini necə ayağa qaldırırdılarsa, indi özünü elə müdafiə etdirir və haqlı çıxır? Cinayətkarı necə müdafiə etmək olar? Ortalıqda fakt var və faktın əsasında da cinayət işi başlanıb. Faktlar da tam sübuta yetirilib. Ortalığa sual çıxır: necə olur ki, Elçibəy ölümündən iki ay öncə Ankara xəstəxanasında olur, müayinədən keçir, həkimlər deyirlər ki, sənin heç bir xəstəliyin yoxdur. Və qayıdıb gələndən 15-20 gün sonra yenə də Türkiyəyə qayıdır və vəfat edir. Birinci səfər gedir, sağlam olur, onda heç bir xəstəliyin olmadığı sübut edilir, sonra gəlir burada Kəromov Əli zəhərləyir. Nəyəsə zəhər qatıb ona verir və Bəyin bu xəstəliyə düçar olmasına gətirib çıxardır. Biz demirik, Bəy xəstələnməyib, xəstələnməsəydi, bu adam ölməzdi ki. Yəni bu gün o deyilən fikirlərin hamısı əsassızdır. Gedin, jurnalist kimi araşdırmalar aparın, görün, Kərimov sağlığında Elçibəyin ünvanına nə qədər təhqirli fikirlər söyləyib. O vaxt öz qəzetlərində yazırdılar ki, Elçibəy sifilis xəstəliyinə tutulub. Bunu yayanların hamısı Əli Kərimov və yurdçular idi. Ona görə də bu məsələlərin hamısı mənasızdır. Artıq o, yaxın günlərdə məhkəmə qarşısında cavab verməli olacaq.
-Təsəvvür edək ki, dediyiniz məhkəmə başlanıb. Əlinizdə konkret olaraq hansı faktlar var ki, zəhərlənməni sübut etmək mümkün olsun?
-Bizim əlimizdə kifayət qədər faktlar var. Birinci Bəyin özü mənə dedi. İkinci tərəfdən məndən başqa digər müşavirinə deyib. Üçüncü bir tərəfdən, Elçibəylə Mirmahmud ağanın söhbətində bu məsələ ortalığa çıxıb. Elçibəy öz həkimlərinə də deyib ki, məni zəhərləyiblər. Bunu artıq medisina sübut edir. Hər halda bu qaragüruhçu dəstənin bu qədər narahat olması nəyə gətirib çıxardır? Artıq bu fakt açılıbdır. Mənim əlimdə kifayət qədər digər faktlar da var. İstəmirəm ki, istintaqın işinə maneçilik törədim . Artıq faktlar istintaqdadır, hüquq-mühafizə orqanları hər şeyi də bitdə-bitdə yoxlayırlar, o faktlar əsasında müəyyən insanları dindirirlər. Yaxın günlərdə görəcəklər.Onun hətta xanımı da deyib ki, onu zəhərləsələr belə, biz onun qəbrinin açılmasına imkan verməyəcəyik. Elçibəy bu ölkənin prezidenti olub və eks-prezident statusu ona da aid olunub. Nə lazım olsa, hüquq-mühafizə orqanları o variantlara da əl atacaqlar. Axı burada elə bir problem yoxdur ki. Açılan işdir. Sadəcə açılan işi bizim hüquq-mühafizə orqanları yekunlaşdırıb məhkəməyə verəcəklər. Məhkəmədə bizim üzləşmələrimiz olacaq, şahidlər olacaq. Necə veriblər, hansı dövlətin agentura şəbəkəsi Kərimov Əliyə on milyon veribdir. O, bu pulu hal-hazırda Londonda banklara qoyubdur. Onun villasının yeri bəllidir. Londonda parfümeriya mağazası var. Əlbəttə ki, biz bunları da nəzarətdə saxladırıq. Bu fakt sübuta yetirilib. Bunun məhkəməsi olacaq. Elə-belə məsələ deyil ki. Şərləmək-zad deyil ki bu. Bu, Kərimov Əliyə xas olan xislətdir ki, kimisə şərləsin. Kərimov Əli haradan bilirdi ki, Elçibəy öləcəkdir? Götürün, həminki illərin tarixini araşdırın, görün, yurdçular Elçibəyin haqqında nələr yazırdılar. Türkiyə mediasına göndərdikləri, belə deyək, məlumatların hamısının stenoqarması çıxıb bu gün. Telefon danışıqları çıxıb ortalığa. Yurdçular yazırdılar ki, Elçibəy sifilis xəstəliyinə tutulub. Qəzetlərdə belə təhqiramiz sözləri işlədənlər bu gün gedib Elçibəyin qəbri üstündə göz yaşları axıdırlar. Ona görə də bu cinayətkar şəbəkənin izinə düşmüşəm mən şəxsən. Bir iradəli insan kimi, axıra qədər də gedəcəyəm. Onlar məni hədələyirlər ki, səni öldürəcəyik, səni aradan götürəcəyik. Bəzi dövlətlər var ki, onlar da çox narahatdırlar ki, Kərimov Əlinin xəyanətinin üstü açılsa, ona verilən pulların nə əsasda verildiyinin üstü də açılacaq. O on milyonun hesabına bir neçə qəzeti maliyyələşdirir. Beş-on nəfər var, onları bu saatca maliyyələşdirir. Ortalığa sual çıxır: iyirmi ildir ki, Kərimov Əli hansı pulun hesabına yaşayır? Elçibəyin ölümündən aldığı pulun hesabına. Bunlar faktdır, digər faktlar da var.
-Bildiyimizə görə, bu məsələ ilə bağlı Türkiyəyə də səfər edibsiniz. Səfər zamanı hansı faktları əldə edə bilibsiniz?
-Çox böyük faktlar var, mən o faktları açmaq istəmirəm. Açan kimi bunlar da gedib Türkiyədən bir-iki nəfər tutub gətirirlər ki, məsələ belə deyil, elədir. Ona görə də heç bir şey demirəm. Bu gün Xanım Xəlilovanın Fazil Mustafa ilə atışmalarını görürsünüz... Mən Türkiyəyə yenə qayıdacağam. Oradan Əbülfəz Elçibəyin sağlamlığı ilə bağlı verilən arayış artıq bizim əlimizdədir. Kərimov Əli heç hara qaça bilməz. Üzr istəyirəm, mən birmənalı şəkildə bu sözü deyirəm. Yəni Əbülfəz Elçibəy birinci dəfə gedəndə onun sağlamlığı barədə arayış veriblər xəstəxanadan. O arayış bizim əlimizdədir. İkinci səfər gedəndə onda xərçəng xəstəliyi aşkarlanıb. Bunlar çox ciddi faktlardır. Artıq bu faktlarla bağlı ciddi araşdırmalar başlanıb və hüquq-mühafizə orqanları bu günlərdə son sözlərini deyəcəklər.
-Açıqlamalarınızın birində deyibsiniz ki, zəhərlənmə ilə bağlı sizə Sülhəddin Əkbər də məlumat verib. Amma Sülhəddin bəy mətbuatda bunu təkzib etdi...
-Gedin Bayıl türməsinə. Sülhəddin Əkbərlə Hafiz Hacıyev Bayıl türməsində birgə yatıblar. Bizim korpusun rəisi Məzahir müəllim idi. Bu söhbətlər o korpusda açılıb. Mənə bunu Sülhəddin Əkbər deyibdir. Sülhəddin Əkbərin bu gün bunu danması nəyi dəyişir? Onlar çox şeyi danarlar. Bunlardan olsa, Günəşi də danarlar, Ayı da danarlar. Vallah. Bunlar belə bir insanlardır. Sülhəddin Əkbərin özü də bu günlərdə açıqlama verdi ki, Azərbaycandakı iki partiyanın sədri agentdir. O bunu deyəndə Kərimov Əlini nəzərdə tuturdu. İndi başlayıb Rəsul Quliyevlə iş qurmağa. Yəni Azərbaycana Rəsul Quliyevi buraxmırlar ki, hakimiyyətə gəlsin, onun cinayətinə görə. Bu da ümid eləyir ki, Kərimov Əli Azərbaycanda hakimiyyətə gələcək və bundan sonra da gətirib Rəsul Quliyevi baş nazir qoyacaq. Bunların planı belədir. Ona görə də bunlar bunu demirlər. Bizim Bayılda bir yerdə yatmağımız, bir yerdə olmağımız – bunlar hamısı sübut deyilmi? Daha ciddi söhbətlər açılıb. O, Azərbaycanda iki partiya sədrinin agent olduğunu deyəndə həmin adamları deyirdi, bunları deyirdi. Yəni Sülhəddin Əkbər burada bunları istər-istəməz danmalıdır. Elçibəyin hakimiyyətini elə bunlar devirdilər ki, Kərimov Əli də onu zəhərləsin. Bu faktdır və bunu danmaq olmaz. Ona görə də Kərimov Əlinin Elçibəy barədə etdiyi bütün yaramazlıqlar indi ortalığa çıxıb. “Azadlıq” qəzetinin həmin illərdəki padşivkalarını açın baxın, görün, bunlar Elçibəyin ünvanına nələr yazıblar. Ona görə də bu məsələlərin üstü açılmalıdır. Heç kim burcuda bilməyəcək və hamı cəzasını alacaq.
-Sizin addımınızı bəzi müşahidəçilər prezident seçkilərindən öncə müxalifətıə qarşı başlanmış bir kampaniya kimi dəyərləndirir və belə hesab edirlər ki, siz, ümumiyyətlə, hər hansı ciddi seçki kampaniyasından qabaq bu formada fəallaşır və gözlənilməz faktlarla çıxış edirsiniz. Buna necə baxırsınız?
-İndi Azərbaycan Respublikasının qanunları imkan verir ki, istənilən şəxs siyasi partiya yarada və siyasi fəaliyyət göstərə bilər. Amma bu o demək deyil ki, ağlına gələn cinayəti edə bilərsən. Ortalıqda ölüm faktı var, cinayət var. Hafiz Hacıyev hakimiyyətin adamı olsaydı, onu da vaxtilə aparıb Kərimov Əli kimi deputat edərdilər, mənə də balıq vətəgələri verərdilər. Bizim indiki hörmətli və adlı-sanlı nazirlərimizdən biri onu on il maliyyələşdirib. Dediyiniz kimi olsaydı, Hafiz Hacıyev də elə olardı. Bu, bir. Məni hökumətin adamı adlandırmaqla üstümə kölgə salmaq istəyirlər. Həm də bilirlər ki, mən də prezident seçkilərində öz namizədliyimi irəli sürəcəyəm. Rəqibləri kimi indidən mənə hücum edirlər.

Söhbətləşdi: Savalan