Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu filmi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunan mövzudur. 2015-ci ildə lentə alınan filmin rejissoru gürcü əsilli Eldar Şengelaya və Fuad İbrahimovdur.

Dağlıq Qarabağ mövzusunun adı belə keçməyən filmdə azərbaycanlılar ermənilərlə müqayisədə vəhşi, qəddar, qorxaq obrazında təqdim edilib. Bunun əksinə, ermənilər ziyalı, mərhəmətli şəxslər kimi qələmə verilib. Milli Şuranın qurucusu və rəhbərlərindən biri kimi vaxtilə prezidentliyə namizədliyini irəli sürən Rüstəm İbrahimbəyovun öz xalqına bu cür münasibət bəsləməsi və bunun fonunda Ermənistanla Azərbaycanı alçaq formada müqayisəyə qoyması, filmdə özünü yeganə "yaxşı azərbaycanlı kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Unikal.org  xəbər verir ki, deputat Fəzail Ağamalı "Yeni Müsavata açıqlamasında bildirib ki, Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş bütün titullar, fəxri adlar geri alınmalıdır. Çünki artıq Rüstəm İbrahimbəyov öz hərəkəti ilə həmin titulları daşımaq haqqını itirib: "Rüstəm İbrahimbəyovun atdığı addım sağlam düşüncəyə sığan məsələ deyil. Ermənilər belə bir film hazırlasaydılar bəlli olacaqdı ki, bu, ermənilərin əsrlərdir apardığı anti-azərbaycan təbliğatının tərkib hissəsidir. İndi ermənilərdən daha betər Rüstəm İbrahimbəyov Azərbaycan xalqına böhtan atır. Dünyaya Azərbaycanı olduğu kimi deyil, olduğunun tamamilə əksi kimi təqdim edir. Bu, artıq şərəfsizlikdir, ləyaqətsizlikdir, xalqına xəyanətdir. Rüstəm İbrahmibəyovun çəkdiyi film xüsusi sifarişlə çəkilib. Təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov öz millətinin alçaldılması üzərindən özünü hansısa dairələrin mükafatlarını almaq istəyir. Ona Azərbaycan xalqı öz qiymətini verdi. O, Azərbaycan xalqının tarixində yaşayası insan deyil.

Ona görə də Azərbaycan dövlətinin ona verdiyi bütün mükafatlar, fəxri adlar, titullar geri alınmalıdır. Çünki o, şöhrətə, şərəfə layiq deyil. Rüstəm İbrahimbəyov ilk növbədə xalq yazıçısı fəxri adından məhrum edilməlidir. Çünki xalqının yanında deyil. Mən Rüstəm İbrahimbəyovu ermənidən betər erməni kimi qəbul edirəm. Bu adam ermənilərin azərbaycanlıları qətl etməsini, hamilə azərbaycanlı qadının qarnını yarıb uşağı çıxardığını, azərbaycanlı uşağın ətini anasına yedirtmələrini, azərbaycanlı qadının döşünü kəsib ağlayan körpəsinin ağzına basmalarını, azərbaycanlı uşaqları divara mıxladıqlarını görməməzlikdən gəlir. Beləsi nəinki titullardan, ümumiyyətlə Azərbaycana aid hər şeydən  məhrum edilməlidir.

Deputat Bəxtiyar Sadıqov da bildirib ki, Rüstəm İbrahimbəyovun bütün fəxri titulları alınmalıdır. Rüstəm İbrahimbəyov ermənidən artıq erməni olduğunu bu filmi ilə sübut edib: "Rüstəm İbrahimbəyov faktiki olaraq Azərbaycan xalqına qarşı çıxıb. Ona görə də mən cənab prezidentimizdən xahiş edirəm Azərbaycan dövləti adından Rüstəm İbrahimbəyova verilmiş bütün mükafatlar, fəxri adların geri alınmasını təmin etsin. Onun ordenləri əlindən alınmalı, onu Azərbaycan vətəndaşlığından məhrum edib bir daha Azərbaycana buraxmaq lazım deyil. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev Azərtac-a bildirib ki, Rüstəm İbrahimbəyovun siyasi kursu, onun ermənipərəst mövqeyi artıq 2009-cu ildən özünü büruzə verir: "Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb. Vaxtilə biz bir qrup kinematoqrafçı buna etiraz əlaməti olaraq, o qurumdan çıxdıq və yeni ittifaq yaratdıq. Həmin vaxtdan etibarən bu insanın mövqeyinə qarşı, ermənipərəst əməllərinə qarşı mübarizə aparmışıq. Qeyd etmək istərdim ki, onun yaradıcılığında həmin dövrdən bu günədək qırmızı bir xətt keçir. Məsələn, onun ekranlaşdırdığı Əlvida, cənub şəhəri" filmində analoji mövqeyi hiss olunur. Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. "Qafqaz üçlüyü filmində ölkəmizin həyata keçirdiyi neft strategiyası tənqid olunur. Bu film başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulub. Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi divident qazandırır. Bütün bunlar da düşmənin dəyirmanına su tökməkdir".