Axtarışda olan Astara sakinindən silah və narkotik götürülüb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Ərçivan kənd sakini Dəyanət Əliyev saxlanılıb.

O, saxlanılarkən üzərində gəzdirdiyi lüləsi və qundağı kəsilmiş ov tüfəngini polisə nümayiş etdirək müqavimət göstərməyə çalışsa da, saxlanılaraq polis şöbəsinə aparılıb.

Onun üzərinə baxış keçirilən zaman lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 3 patron və satış məqsədilə üzərində gəzdirdiyi külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Dəyanət Əliyev həmin narkotik vasitəni Astara şəhər sakini, Ramin Məmmədovdan əldə edib. Saxlanılan Ramin Məmmədovun üzərindən də külli miqdarda heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla o da məlum olub ki, Dəyanət Əliyev əldə etdiyi narkotik vasitənin satışını həmkəndlisi, Ərçivan kənd sakini Erik Rubçov vasitəsi ilə həyata keçirirmiş. Erik Rubçov polis əməkdaşları tərəfindən saxlanılarkən onun da üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb. 

Hər üç şəxs barəsində Cinayət məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işinin istintaqı davam edir.