Bakıda "ət biabırçılığı" bitmək bilmir
Bakıda "ət biabırçılığı" bitmək bilmir

Ölmüş at və eşşək ətindən hələ də kolbasa istehsal edilir

Paytaxtın ticarət mərkəzlərində keyfiyyətsiz və yararlıq müddəti keçmiş qida məhsullarının çıxarılması barədə mətbuatda kifayət qədər məlumat dərc olunur. Artıq belə məhsullar respublikanın müxtəlif regionlarına da ayaq açıb.

Məlumata görə, paytaxtda satışdan çıxarılan vaxtı keçmiş, insan orqanizmi üçün təhlükəli ərzaq məhsulları regionlara ayaq açır. Kütləvi İnformasiya Vasitələrində əhalinin bu istiqamətdə yetərincə maarifləndirilməsinə baxmayaraq keyfiyyətsiz məhsulların satışdan çıxarılmasına nail olunmur. Etiraf edilməlidir ki, keyfiyyətsiz məhsulların satışa çıxarılmasında alıcıların rolu danılmazdır. Təəssüf ki, istehlakçıların əksəriyyəti alış-veriş zamanı öz istehlakçı hüquqlarından istifadə edərək qidalanacağı məhsulun keyfiyyəti və yararlılıq müddəti ilə maraqlanmır. Bu isə üzdəniraq sahibkarlara keyfiyyətsiz məhsulların satışa çıxarılmasına şərait yaradır. Qeyd edək ki, satışa keyfiyyətsiz məhsulların çıxarılmasında istehsalçı, satıcı və istehlakçı kimi üç subyekt məculiyyət daşıyır. Bu subyektlərin hər biri üzərinə düşən öhdəliyi və yaxud qanuni vəzifəsini yerinə yetirsə, təhlükədən qismən yayınmaq olar. Ancaq istehsalçı keyfiyyətsiz məhsul istehsal edir, satıcı məhsulun keyfiyyəti barədə sənəd tələb etmir, alıcı isə ancaq ucuz mal axtarır. Hazırda dünyanın bir çox ölkələrində qida təhlükəsiliyi problemi yaşanır, ancaq bunun qarşısının alınması istiqamətində profilaktik və inzibati tədbirlər görüldüyündən Azərbaycanda olduğu qədər təhlükə yaratmır. Bizdə satışa çıxarılan əksər qida məhsulları insan orqanizmi üçün real təhlükə mənbəyidir. Elə ərzaq malları var ki, onlar insanların qida rasionunun gündəlik tələbatına çevrilib. Yəni bu tipli məhsullardan hər gün istifadə etmək ehtiyacı yaranır. Belə ərzaq məhsullarının keyfiyyətsiz olması nəinki insan həyatına, hətta millətin genafondü üçün təhlükəlidir.

Standarta sığmayan
ərzaq məhsulları

Məlumdur ki, istənilən qida məhsulunun istehsalı üçün nəzərdə tutulmuş dövlət standartları var. Artıq inkişaf etmiş ölkələr milli standartlarla kifayətlənməyərək beynəlxalq standartlar müəyyən ediblər. Həmin standartların isə bütün dövlətlərdə tətbiqinə çalışırlar. Burada əsas məqsəd bəşəriyyəti cənginə ala biləcək qida təhlükəsizliyindən xilas etməkdən ibarətdir. Əslində belə prinsipin təsdiqi inkişaf etməkədə olan ölkələr üçün daha sərfəlidir. Çünki əsasən belə ölkələrdə keyfiyyətsiz qida məhsulların istehsalı daha üstünlük təşkil edir. Həmin məhsulların inkişaf etmiş ölkələr tərəfindən ixracına qadağa qoyulması məhsulun keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Digər tərəfdən xarici ölkələrə keyfiyyətli məhsul ixrac edən ölkə daha çox gəlir əldə etmiş olur. Məhz Azərbaycan da bu faktorları əsas götürərək Ümumdünya Ticarət Təşkilatına daxil olmaqdan ötrü üzərinə öhdəliklərdən biri kimi beynəlxalq standartlara uyğun məhsul istehsal etməyi götürüb. Bundan ötrü "Ekoloyi təmiz kənd təsərrüfatı məhsulları haqqında" qanun da qəbul edib. Deməli, ölkədə keyfiyyətli məhsul istehsal etməkdən ötrü həm milli, həm də beynəlxalq standartlar mövcuddur. Buna baxmayaraq, neçə illərdir ki, eyni proses davam edir və hətta onun qarşısını almaq müşkül məsələyə çevrilib.
Ekspertlərin fikrincə, ölkədə belə vəziyyətin yaranmasına təsir edən əsas amillərdən biri kölgə iqtisadiyyatının hökm sürməsidir. Yəni qarşısına yalnız böyük miqdarda gəlir əldə etmək məqsədi qoyan "işbazlar" gizli sexlərdə fəaliyyət göstərməklə vergidən yayınırlar. Heç bir nəzarət orqanından çəkinməyən belə işbazlar məhsul istehsalında müxtəlif çeşidli xammaldan istfadə edirlər ki, onların da heç birini mənşəyi məlum deyil. İstehsal prosesi, məhsulların qablaşdırılması, daşınması və saxlanması zamanı heç bir standarta riayət edilmir. Mütəmadi həkim nəzarətindən keçməli olan işçilərin heç bu barədə məlumatldarı belə yoxdur. Üsətəgəl məhsullara qatılan xammalın qida üçün yararlılığı heç kimi maraqlandırmır.

Xəstə və ölmüş
hevan ətindən
hazırlanan kolbasalar

Belə hallar ən çox kolbasa və sasis məmulatlarının istehsalında müşahidə olunur. Bu növ məhsulların istehsalında istifadə olunan xammallar əsasən royanlardan gətirilir. Regionlarda ölmüş at və eşşək ətlərinin hamısı kolbasa sexlərinə təhvil verilir. Ucuz qiymətə başa gələn belə xammal istehsalçı üçün daha sərfəlidir. Xatırladaq ki, mütəmadi olaraq regionlarda heyvanlar arasında qara yara, dəli dana, dabaq, brüssülyoz kimi xəstəliklərin yayılması barədə xəbərlər verilir. Məlumata görə, belə heyvanlar nəzərdə tutulduğu kimi yandırılaraq məhv edilmək əvəzinə paytaxta daşınaraq kolbasa sexlərinə təhvil verilir. Bu kimi məhsulların saxlanması üçün normal şərait olmadığından onların əksəriyyətinin üzərində istehsal tarixi və yararlılıq müddəti göstərilmir.
Havaların həddindən artıq isti keçməsilə əlaqədar süd və süd məhsulları insan orqanizmi üçün daha təhlükəli ərzağa çevrilib. Qədimdən bəri insanlar süd aə süd məhsullarından müalicə vasitəsi kimi istifadə ediblər. Südün tərkibindəki 100-ə qədər üzvü və qeyri-üzvü maddələr insan orqanizmi üçün xeyirli hesab olunur. Məsələn, vaxtilə süddən mədə-bağırsaq, vərəm kimi xəstəliklərin müavlicəsi üçün istifadə edilib. Süd məhsulu olan qatıqdan zəhərlənmənin qarşısının alıması, kəsmikdən isə uşaqların sümüklərinin möhkəmləndirilməsi məqsədilə istifadə edilib. İndi isə ticarət mərkəzlərində alınan qatıq və ya xamadan zəhərlənməyən şəxs tanrısına şükür etməlidir. Saxlanma şəraiti, qablaşdırılması və daşınması heç bir standarta uyğun olmayan süd və süd məhsulları istinin təsirindən parçalanmaya səbəb olur ki, bu da nəticə etibarilə insan orqanizmi üçün təhlükəlidir. Əslində süd və süd məhsulları üzərində onun istehsalçısı və yararlılıq müddəti mütləq göstərilməlidir, çünki bu növ məhsullar tez xarab olan kateqoriyaya aiddir. Reallıqda isə satışa çıxarılan süd məhsullarının istehsal müddəti saxtalaşdırılır. Konkret olaraq xama məhsulları satışda olduğu halda onun üzərində bir neçə gün sonrakı günün tarixi göstərilir. Yəni ayın 10-da satışda olan xamanın üzərində guya onun 12-də istehsal tarixi göstərilir. Bunun nəticəsidir ki, hazırda satış mərkəzlərində keyfiyyətli xama tarmaq müşkül məsələyə çevrilib.

Mövsümi məhsullar da millətə qənim kəsilib

Yay mövsümünün gəlişi ilə əlaqədar qida təhlükəsizliyi problem daha da artıb. Çünki mövsümi məhsulların çoxalması, onlara olan tələbatın artması sahibkarlardan daha çox məsuliyyət tələb edir ki, hazırda belə məsuliyyətin gəzlənilməsi yersiz olardı. Çünki onları vətəndaşların həyat yox, daha çox qazanc əldə etmək düşündürür. Nəticədə isə insanların kütləvi zəhərlənməsi halları baş verir. Məlumata görə, mövsüm ərzində xeyli sayda insan qarpızdan zəhərlənib. Müxtəlif xəstəliklərlə əlaqədər anormal şəraitdə dönərlərin hazırlanmasına qadağa qoyulmasına baxmayaraq, şəhəri dönər satışı başına alıb. Küçə ticarətinin yığışdırıldığı bir anda qarpız, yemiş kimi tərəfəzlər isə bütün dükan-bazarların qarşısına yığılıb. Halbuki belə tərəvəzlərin günəş şüsı altında saxlanması insanların zəhərlənməsi üçün əsas ola bilər.
Yay fəslində daha çox tələbat olan sərinləşdirici içkilər və dondurmalar də insanların qəniminə çevrilib. Artıq nəinki küçələrdə satlın sular, hətta xüsusi qaydalarla qablaşdırılan sərinləşdirici içkilər və dünyanın məşhur firmalaranını mal nişanı altında istehsal edilən dondurmalar zəhərlənmə hallarının baş verməsinə səbəb olur. Sərinləşdirici içkilər və dondurmalara xüsusi dad və rəng vermək üçün müxtəlif kimyəvi maddələr istifadə olunur ki, onların da insan orqanizmi üçün təhlükəli olması heç kimdə şübhə yaratmır. Hətta ən məşhur firmaların istehsal etdikləri sərinləşdirici içkilər saxta çıxır ki, bu da insanları çaş-baş salır. Beləliklə, insanların hər gün istifadə etdikləri qida məhsulları heç bir standarta riayət edilmədən hazırlanır. Üstəlik bu növ məhsullar açıq şəkildə gen-boluna reklam edilir. Belə məhsulların istehsalı və satışa çıxarılmasına nəzarət edən qurumların fəaliyyəti isə sıfıra bərabərldir. Belə halda çarə istehlakçıların özlərinə qalır ki, nə yedikləri, nə içdikləri barədə düşünsünlər.

Natiq Hüseynli