Xəbər vermişdik ki, Azərbaycan Cüdo Federasiyasında qalmaqal baş verib. Qurumda ayrıseçkilik edilir. Əcnəbi məşqçiyə görə yerli məşqçiləri "qurban veriblər. Köməkçi məşqçilər Fərhad Məmmədov və Mövlud Mirəliyev ukraynalı baş məşqçi Ruslan Maşurenko ilə anlaşa bilmirlər. Onun tez-tez qərar dəyişdirməsindən narazılıq edirlər.

Unikal.org-un bu xəbərindən sonra federasiya rəsmisi redaksiya ilə əlaqə saxlayıb məsələyə münasibət bildirmək istədiklərini bildiriblər.

Federasiyanın münasibətində bildirilir:

"Fərhad Məmmədovun yerinə təyin olunan yeni köməkçi məşqçi əcnəbi mütəxəssis deyil, cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovdur. Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdir: ilk Olimpiya çempionumuz Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev.

Fərhad Məmmədova gəlincə, 2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət milli komandanın məşqçisi idi. Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaher kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə F.Məmmədov onun köməkçisi təyin edildi. Avstriyalı məşqçi ilə də bəzi məqamlarda fikir ayrılığına gələn F.Məmmədov bir-neçə dəfə Zayzenbaher tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığma komandadan göndərilməsi məsələsi gündəmə gətirilib.