Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası ərəfəsində son yoldaşlıq görüşünü keçirib.

Unikal.org xəbər  verir ki, Riqadakı "Dauqava" stadionunda keçirilmiş qarşılaşmada rəqib Latviya yığması olub.

Görüş Qurban Qurbanovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 20-ci dəqiqədə cərimə zərbəsindən sonra Maksim Medvedev açıb. 57-ci dəqiqədə Ramil Şeydayev latviyalı qapıçıdan topu alaraq, Cavid İmamverdiyevə ötürüb. İmamverdiyev isə boş qapıya uzaqdan dəqiq zərbə endirib. 63-cü dəqiqədə isə uzaqdan zərbə ilə Emin Mahmudov 3-cü qolu vurub. Meydan sahibləri yalnız uzatma dəqiqələrində təkbətəkdən təsəlli qolu vurublar.

Beləliklə, Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununda ilk səfər qələbəsinə imza atıb. Əvvəlki 5 görüşündə evdə Qırğızıstana qalib gələn (3:0) milli komanda Antalyada Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə etmiş, evdə Belarus (0:1), səfərdə Qazaxıstana (0:3) uduzmuşdu.

Digər tərəfdən, Latviya üzərində tarixdə ilk qələbə əldə olunub. Bu komandalar daha əvvəl 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Latviya yığması ilə 1997-ci ildə və 2002-ci ildə səfər oyunlarında da qalib müəyyənləşməyib - 0:0.

Qurban Qurbanovun rəqib həmkarı Miksu Paatelaynenin Latviya yığmasısının sükanı arxasında üçüncü yoxlama görüşünə çıxıb. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib - 1:1. (report.az)