Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb. Belə ki, K44 +58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov ( K-43 -75 kq) isə yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Bildirək ki, Aynur Məmmədova bu qələbəsilə 3-cü dəfə Avropa çempionu titulunu qazanıb.

Üçqat dünya və üçqat Avropa çempionu  A.Məmmədovav Unikal.org-a danışarkən qələbəsini şərh edib. O həmçinin yarışlara gec-gec göndərilməsindən şikayət edib:

"3 döyüş keçirdim. İlk rəqibim Serbiya idmançısı idi. İkinci görüşdə fransalı idmançı ilə üz-üzə gəldim. Ona da qalib gəldikdən sonra finalda dünyanın 1 nömrəli parataekvondoçusu qarşılaşdım. İngiltərə təmsilçisi reytinqdə 1-ci pillədədir. Rəqibimin reytinqdə məndən öndə olmağına baxmayaraq ona 9:2 hesabla qalib gəldim. Qeyd edim ki, mən reytinqdə 4-cü pillədəyəm. Səbəbi də təəssüflər olsun ki, yarışlara az qatılnmağımızdır. 

Bu yarış sırf Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağımızı təmin edən yarışlardandır.7-ci olan qitə çempionatında qələbə qazandığım üçün mənim reytinq xalımın üzərinə 40 xal da əlavə olundu.

Olimpiya Oyunlarına qatılmağımız üçün ilk 4-lükdə özümüzü saxlamalıyıq. Amma yarışlara göndərilsək olimpiadayaa qədər ilk pilllədə qərarlaşa bilərəm. Təəsüflər olsun ki, hazırda bizi az-az yarışlara göndərirlər, bu da bizim reytinqimizə təsir edir.

2 il idi ki, Avropa çempionatında qələbə qazana bilmirdim. Bu dəfə özümdən çox əmin idim, güclü məşqlər etmişdim. Və sonda istədiyim nəticəni qazandım".

Qeyd edək ki,digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.

Xatırladaq ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.

Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz 11 iyun tarixində vətənə dönəcək.

Aygün İlqarqızı