Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova ifadə verib. O deyib ki, A. Alışanovun Ş. Əkbərova torpaq sahəsi üçün pul verdiyi haqqında məlumatı olub. Şahid həmçinin diqqətə çatdırıb ki, onun adına 6 hektar torpaq sahəsi alınıb. Torpaq sahələrində A. Alışanovun aldığı texnikalardan da istifadə edilib.

Şahid sualları cavablandırarkən bildirib ki, Ş. Əkbərov ürəyindən əməliyyat olunarkən, onun əməliyyat pulu Arif Alışanov tərəfindən ödənilib.

Digər şahid Ələkbər Əliyev ifadəsində bildirib ki, Ş. Əkbərovla dost olub. O, özünə məxsus silahı Şücayət Əkbərova verdiyini qeyd edib. Şahid bildirib ki, Ş. Əkbərov həmin silahı evində saxlayırdı. Ə. Əliyev deyib ki, özünə aid 34 sot torpaq sahəsini Ş. Əkbərova satmaq istəyib: "O, bu torpaq sahəsini məndən alıb, həyat yoldaşının adına keçirmək istəyib".

Tofiq Seyidov deyib ki, A. Alışanov tərəfindən Ş. Əkbərova maddi köməklik göstərilirdi. Onun sözlərinə görə, Ş. Əkbərovun maddi vəziyyətinin sonradan yaxşılaşması barədə məlumatı yoxdur.

T. Seyidovun məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğuna görə, ifadə elan edilib. İfadədə göstərilib ki, Ş. Əkbərov A. Alışanova qarşı dələduzluq edib, onun pulu ilə başqalarının adına özü üçün avtomobil və əmlak alıb.

Şahid isə bu barədə başqalarından eşitdiyi üçün belə yazdığını deyib.

Proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.