Son zamanlar ölkənin ayrı-ayrı rayonlarında pambıqçılar kimyəvi maddələrdən zəhərlənirlər.

Sosialist Əməyi Qəhrəmanı, ali dərəcəli aqronom Fatma Hüseynova unikal.org-a müsahibəsində son günlər pambıqçıların zəhərlənməsilə müşahidə edilən dərmanlama prosesinə aydınlıq gətirib:

- Pambıqçılar alaq otlarını necə dərmanlamalıdılar ki, zəhərlənməsinlər?

- Fermerlər zəhəri pambığa gündüz vaxtı vururlar. Ancaq zəhərli maddə pambığa gecə saatlarında vurulmalıdır. Gecə insanlar evinə gedir, sahədə heç kəs olmur. Pambıq sahəsində aqronom, fermer təsərrüfatının rəhbəri və şirkətin baş aqronomu olmalıdır. Həmin baş aqronom da tövsiyyələrini vermək üçün orada olur.

Həmçinin zəhərlənməyə külək də səbəb ola bilər. Zəhər külək vasitəsilə pambıqçı qızlara tərəf gedir, tənəffüs sistemləri vasitəsi ilə onları zəhərləyə bilər. Onlar da təhlükəsizlik baxımından ağızlarına yaşmaq vurmalıdırlar. Ancaq məsuliyyətsizlik edirlər. Havanı udduqlarına görə zəhərli maddələr ağızlarına dolur.

- Pambıqçılar zəhərlənmədən qorunmaq üçün hansı qabaqlayıcı tədbirləri görməlidirlər?

- Pambıqçılar yanlarında ayran və qatıq saxlamalıdılar. Özlərində baş gicəllənməsi və ya sağlamlıqlarında problem hiss etdikdə həmin ayrandan və ya qatıqdan içməlidirlər ki, zəhərlənməsinlər. Zəhərlənsələr qaytarma vasitəsi ilə bu problemdən xilas ola bilirlər.

 - Bəs, sahələrdə həkim briqadaları olmalı deyil?

- Əvvəllər pambıq sahələrində həkim briqadaları olurdu. Hətta təyyarədə həkim briqadaları gəlirdi. Zəhərlənmə, qrip və ya başqa problemi olanda həmin həkimlər onları dərmanla təmin edirdi.

 - Ola bilərmi, pambıqlara vurulan kimyəvi maddələr keyfiyyətsiz olduğu üçün bu cür bədbəxt hadisələr yaşanır?

 - Əksinə dərman keyfiyyətsiz olsa insanları zəhərləyə bilməz. Keyfiyyətsiz dərman bitkiyə təsir etmirsə insana heç cür təsir edə bilməz.

- Bəs, alağa qarşı dərman nə zaman vurulmalıdır?

- Bu ayda pambıqlara dərman vurmaq olmaz. Fermer yatıb vaxtında dərmanlamayıb. İndi görüb alaq qalxıb. Deyib mən neyləyim? Alaq və zərərvericiləri dərmanlatdırmağa başlayıb. Alaq otuna qarşı dərman şum altına verilməlidir. Səpməlisən boş sahəyə, sonra şumlatdırırsan. İndiki dövrdə səpilən dərman alağın yarpağını yandıra bilər, onun kötüyünə heç nə edə bilməz. Bu da gözdən pərdə asmaqdan başqa heç nə deyil.

 - Sizcə, pambıqçıların zəhərlənməsi faktında təxribat amili ola bilər?

 - 72 ildir ki, pambıqçılıqla məşğulam, mən hələ belə hadisəyə rast gəlməmişdim. Nə oldu onda insanlar zəhərlənmədi, indi zəhərləndilər. Türkiyə, Almaniya, İtaliya, İsveçrə, İspaniyanın da dərmanını işlətmişəm. Ancaq bu cür zəhərlənmələr görməmişəm. Məncə, burada gözü götürməməzlikdən təxribat törədilə bilər. Şəxsən mən düşünürəm ki, həmin o dərmanları istehsal edən xarici müəssisələrdə erməni işçilər olsun. Hansı şirkət ki, bu dərmanları satır, o müəssisəni araşdırsınlar ki, orada erməni işçi işləyir ya yox. Ola bilər deyilsin ki, bu dərmanlar Azərbaycana aparılmaq üçün istehsal edilir. Bu ermənilər də bizi zəhərləmək üçün hansısa yola əl atarlar.

Famil Fərhadoğlu