"Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik".
Unikal.org xəbər verir ki, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Xarici əlaqələr şöbəsinin müdiri deyib ki, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq. PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə olub: "Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik".

Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov dedi ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir. Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq.