Xəbər vermişdik ki, Ağır Atletika Federasiyası növbəti dəfə doppinqə görə cəzalanıb. Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılovun qanında qadağan olunmuş preparat aşkarlanıb.

Bu da Azərbaycan Ağır Atletika Federasiyasına daha bir zərbə olub. Belə ki, Ağır atletika üzrə milli komandamız 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənar qala bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, azərbaycanlı atletlərin növbəti dəfə dopinqdə ilişməsi olimpiya oyunlarında iştirak etməsinə mane ola bilər.

Gənclərdən ibarət milli komandanın üzvü İsa Rüstəmovun (90 kq) dopinq testinin müsbət nəticə verərək 4 illik cəzalanması və son olaraq əsas milli komandanın atleti Hüseyn İsmayılovun (94 kq) istifadəsi qadağan olunan preparatlardan yararlanmaqda şübhəli bilinməsi AAAF-nı təhlükə altında qoyub.

İsmayılovla yanaşı, Anastasiya İbrahimli də təkrar analizin cavabını gözləyir.

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) qaydalara görə 1 il ərzində 3 və daha çox idmançının dopinqdə cəzalanması ölkənin beynəlxalq arenadan kənarlaşdırılması ilə nəticələnməsinə səbəb olur. Bu cəza da bizim millinin olimpiya oyunlarında işitrakına mane ola bilər.