Xəbər verdiyimiz kimi, Muay-Tay üzrə milli komandamızın üzvləri daha bir mötəbər yarışa yollanıb. İyulun 1-i Çexiyanın paytaxtı Praqa şəhərində Avropa çempionatı start götürüb. Ayın 7-nə qədər davam edəcək yarışda 29 ölkədən 300 idmançı iştirak edir. Dünəndən etibarən idmançılarımız Avropa çempionatına yekun vurub. 67 kq çəki dərəcəsində çıxış edən Məhəbbət Hümbətov Avropa çempionatının bürünc medalını qazanıb. Təmsilçimiz 1-ci çevrədə sərbəst çıxış edib, 2-ci çevrədə Monteneqro idmançısı ilə qarşılaşıb.

Hazırda komanda ilə birlikdə çempionatın keçirildiyi ölkədə olan Dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi, Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti Azər Həsənsoy idmançımızın çıxışı ilə bağlı Unikal.org-a danışıb:

"Yarışın 3-cü günü bəzi çəkilərdə yarımfinal döyüşləri başladı. Həmçinin də 67 kq da. Məhəbbət Macarıstanlı idmançı ilə qarşılaşdı. 3 raund gərgin döyüşdə cüzi xal üstünlüyü ilə məğlub oldu. Bunun da əsas səbəbi rəqibin boyda çox hündür olması idi. Hansı ki, muay tayda çox önəmlidir. Çünki boyun hündür olması dirsək və diz zərbəlırini rahat işlətməyə imkam yaradır. Məhəbbət bu döyüşündə çox əzmkarlıq göstərdi və rəqibə sarsıdıcı əl zərbələri endirdi bu da tamaşaçıların alqışlarına səbəb oldu".

A.Həsənsoy bundan bir gün əvvəl güclü döyüş keçirib çiyni çıxdığı üçün görüşü dayandırmalı olan Dünya Çempionu Cabbar Mustafayevin (63.5 kq) hazırki durumu haqqında məlumat verib.

O həmçinin ölkəyə qayıdacaqları gün haqqında da məlumat verib:

"İdmançımızın çiynini yerinə saldılar, sarğı ediblər. 3 ay məşq etməməlidir. Məhəbbətin də əvvəlki döyüşdə burnu sınmışd, son döyüşdə bir az da əzildi. Final yarışı iyulun 7-də baş tutacaq, 8-i Azərbaycana qayıdacağıq".

Məlumat üçün bildirək ki, bu yarış böyüklər və gənclər arasında keçirilib.

Qeyd edək ki, yarışın keçirildiyi ölkəyə Federasiyalarının Prezidenti Azər Həsənsoyla yanaşı, məşqçi Şəhriyar İsayev və 2 idmançı- Dünya Çempionu Cabbar Mustafayev (63.5 kq), Avropa Kubokunun mükafatçısı Məhəbbət Hümbətov (67 kq) yollanıb. Cabbar Mustafayev fransalı rəqibi ilə döyüşü üstünlüklə başlasa da ikinci raundda çiyini çıxıb və görüşü dayandırıb.

Aygün İlqarqızı