Zaqatalada yük və minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
 
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə mayın 18-i axşam saat 21 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Zaqatala şəhər sakininin idarə etdiyi "Lada Priora" markalı, 90 VC 807 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala rayon sakininin idarə etdiyi "Qazel" markalı 62 BK 353 dövlət nömrə nişanlı yük maşını toqquşub.
 
Toqquşmadan sonra "Lada Priora" markalı maşın idarəetməni itirməsi səbəbindən yolun kənarındakı beton maniyəyə çırpılıb. Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaqatala şəhər sakinləri 1994-cü il təvəllüdlü Əlixan Harun oğlu Əlixanov və 1992-ci il təvəllüdlü Orxan Mehdi oğlu Paşayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Zaqatala RMX-dan verilən məlumata görə, hazırda həkimlər yaralıları müayinə edir, ilkin müayinə zamanı hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.