İyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib.

Millət vəkili Fəzail Ağamalı icra başçısının güllələnməsi hadisəsi ilə bağlı unikal.org-a müsahibə verib:

-Fəzail müəllim, Elmar Vəliyelə münasibətləriniz necə olub?

- Bizim, Elmar Vəliyevlə münasibətlərimizdə heç bir problem olmayıb və ola da bilməzdi. Mənim o ailəyə böyük hörmətim var. Gənc yaşlarından Xanlar Vəliyevlə səmimi münasibətlərimiz olub. Bizim bir-birimizə qarşı dəstəyimiz, xahiş-hörmətimiz olub və bu gün də davam etməkdədir. Mən baş verən hadisə ilə bağlı təəssüfümü bildirmişəm.
Ümumiyyətlə demək istəyirəm ki, xalqla işləyən məmurlar xalqın xidmətində olmalıdırlar. Təbii ki, xalqın içərisində narazı olanlar da, qeyri-obyektiv düşünənlər də var. Həmçinin məsələyə radikal mövqe ilə yanaşanlar, cinayətkarlar da var. Bütün bunların hamısı nəzərə alınmalı, tənzimlənməlidir. Bir sözlə, məmurla vətəndaş arasında çox normal münasibət olmalıdır.
Baş vermiş hadisə ilə bağlı bir daha təəssüfümü bildirirəm. Təəssüf edirəm ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin icra başçısına güllə atılıb. Bu xoşa gəlməyən bir hadisədir. Bununla bağlı hüquq-mühafizə orqanları səviyyəsində açıqlamalar verilib, istintaq gedir. Ətrafda baş verən müzakirələri dayandırmalıyıq. Suallar, cavablar və şərhlərə son qoymalıyıq. İstintaqın gedişinə mane olmadan nəticəni gözləməliyik. Tamamilə əminəm ki, Azərbaycanın tam peşəkar istintaqçıları, hüquq mühafizə orqanları məsələni olduğu kimi araşdıracaq, obyektiv qiymət verəcək. Bütün bunlar da Azərbaycan cəmiyyətinə çatdırılacaqdır. İstənilən şərh, istənilən məsələyə münasibət ən müxtəlif adamlar tərəfindən, ən müxtəlif şəkildə yozula bilər. Ona görə də bu müzakirələri dayandırmalıyıq. Arzu edirəm ki, Elmar Vəliyev də, onun yanında olan şəxs də tezliklə sağlamlığına qovuşun.

- İcra başçısının cangüdənlə gəzməsi yolveriləndirmi?

- Əslində Azərbaycan qanunvericiliyində belə bir şey yoxdur. Protokol qaydalarına görə, Azərbaycanın bir sıra qurumları mühafizəçi ilə gəzə bilər. İcra başçısı hər zaman xalqın yanında olmalıdır. Xalqı ilə bərabər olmalı, xalq onun mühafizəçisi olmalıdır.

- Siz Yevlax rayonundan deputat olduğunuz dövrdə Elmar Vəliyev icra başçısı təyin edildi. Növbəti seçkilərdə siz həmin ərazidən deputat namizədliyinizi irəli sürmədiniz. Bununla bağlı Elmar Vəliyevin sizə qarşı hansısa bir maneəsi olubmu?

- Ümumi məsləhətləşmədən sonra, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri İlham Məmmədovun namizədliyini irəli sürmək niyyətini ortaya qoydu. Bildirilirdi ki, o Yevlaxda yaşayır və Yevlaxda hamı onu tanıyır. Onun başqa yerdən seçilməsi bir az çətin olar. Mən İlham Məmmədovdan fərqli olaraq, partiya sədriyəm və cəmiyyətdə bir az daha çox tanınan şəxs idim. Buna görə də mən məsləhətləşmədən sonra namizədliyimi Salyan rayonundan verdim və deputat seçildim.

Orxan Həsənli