"Qardaşım canını Vətən yolunda qoyub, bütün qardaşlarım bu yolda şəhidliyə hazırdır.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan Gəncənin Nizami rayonu Polis İdarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı, İmamzadə türbəsinin axundu Hacı Tahir Abbasov deyib.

O qeyd edib ki, Gəncədə baş vermiş iğtişaş təxribatdır: "İki polis zabitinin hansısa başıpozuqlar tərəfindən şəhərin mərkəzində xəncərlə öldürülməsi respublikada aranı qarışdırmaq üçün edilib. Mən bir din xadimi kimi bu hərəkətləri lənətləyirəm. Söhbət burada mənim qardaşım Səməddən getmir. Burada söhbət Azərbaycan polisinin yüksək rütbəli əməkdaşından gedir. Onu şəhərdə bir dəstə araqarışdıran, dövlətimizi istəməyən, şəhərə iğtişaş gətirmək istəyənlər tərəfindən iş başında öldürülməsi böyük bir cinayətdir. Biz belə cinayətləri lənətləyirik. Bir gəncəli olaraq biz heç vaxt imkan vermərik ki, kimsə gəlib Gəncədə iğtişaş yaratsın. Çünki Gəncə Azərbaycan dövlətinin yaradıcılıq beşiyidir. Bildiyiniz kimi, 1918-ci ildə Gəncədə Azərbaycan dövləti yaradılıb. Bu dövləti yaradan gəncəlilərdir. Gəncə şəhidlər məkanıdır, Cavad xan yurdudur. Gəncə hər zaman öz şəhidi ilə fəxr edib. 1920-ci ildə də biz şəhid vermişik, 1988-ci ildə də ilk şəhidləri biz gəncəlilər vermişik. Bu gün də Gəncədə şəhid vermişik və şəhidlərimizlə fəxr edirik. O müxalif ünsürlər, o xaricdə oturan qüvvələr qardaşımın ölümünə sevinməsinlər. Mən qardaşımın ölümü ilə, şəhadəti ilə, şəhidliyi ilə qürur hissi keçirirəm ki, qardaşım üçrəngli bayrağın altında şəhid olub. Qardaşım Vətənində şəhid olub, məkanında şəhid olub. Mənim qardaşım qaçıb gedib yad yerlərdə gizlənməyib, Ermənistan televiziyası ilə təfriqə salıb ayın 10-da camaatı meydana çağırmayıb. Qardaşım canını Vətən yolunda qoyub. Biz Azərbaycan prezidenti cənab İlham Əliyevi çox sevirik. Onun yolunda mənim canım da fədadır. Bütün qardaşlarım bu yolda şəhidliyə hazırdır.