ABŞ Azərbaycanla bağlı siyasətində sabitdir
ABŞ Azərbaycanla bağlı siyasətində sabitdir

Yeni səfir hakimiyyətlə əməkdaşlıqda maraqlı olacaq

Amerikanın Azərbaycandakı yeni səfiri artıq fəaliyyətə başlayıb. Əksər ekspertlər yeni səfirin hansı yol tutacağını, Azərbaycanda demokratiya ilə bağlı çağırışlar edib və bu istiqamətdə işlər görəcəyini izləməkdədirlər. Nəhayət yeni səfirdə açıqlamalarla çıxış etməyə başladı.

“Artıq 17 ildir ki, Azərbaycana səfərlər edirəm. Mən rəhmətlik prezident Heydər Əliyevlə, prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərimi xoş hisslərlə xatırlayıram”.Bunları səfir Morninqstar deyib. O həmçinin bildirib ki, Azərbaycan hökumətindən olan həmkarları ilə birgə fəaliyyətini, Azərbaycan xalqı, insanları və ölkə ilə yaxından tanış olmağı, qarşıda duran bütün məsələləri həll etməyi səbirsizliklə gözləyir.
“Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Azərbaycanla olan münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Biz regional sabitlik, demokratiya, terrorizmlə mübarizə, enerji məsələləri ilə yaxından, çox ciddi şəkildə məşğul olacağıq ki, Azərbaycan güclü, şəffaf, bazar iqtisadiyyatının formalaşdığı və inkişaf etmiş bir ölkəyə çevrilsin. Azərbaycan yalnız enerjidən asılı olmayan, daha da genişləndirilmiş və güclü iqtisadiyyata malik olsun”, - deyə o qeyd edib.
Riçard Morninqstarın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2012-ci ilin aprelində prezident Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi prezidentin təklifini yekdilliklə bəyənib. İyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılığı olmadan Azərbaycana səfir təyin etmişdi. Senatorlar Barbara Bokser və Robert Menendes onun namizədliyinə mane olub. Bir il keçdikdən sonra senatorlar yenidən səfir Brayzanın təyinatına imkan verməyib.
Riçard Morninqstar bundan öncə ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olub. Bu açıqlamalar isə ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Belə ki, əksər ekspertlər bildirir ki, yeni səfir hər zaman enerji problemləri ilə məşğul olub və istər Bakı Ceyhan neft kəmərinin inşasına, istərsə də qərbin enerji təhlükəsizliyində Azərbaycanın iştirakına dəstək verən diplomat olub. Buna görə o Azərbaycanı yaxşı tanıyır və hesab edir ki, Azərbaycan daha çox müttəfiq ölkəyə çevrilməlidir. Ekspertlər buna görə də hesab edirlər ki, Riçard Morninqstarın fəaliyyətində priroritet məsələlər enerji məsələləri olacaq. Hazırda ABŞ üçün ən vacib məsələ Türkmənistan və Azərbaycan qazının Avropaya çatdırılması məsələsidir və bu istiqamətdə real işlər görülür. ABŞ Dövlət Katibinin Türkmənistan prezidenti ilə görüşüdə buna əyyani missal ola bilər. Ekspertlər bildirir ki, bu səbəbdən yeni səfir ilk növbədə bu problemin həllinə çalışacaq. Bildiyiniz kimi Azərbaycan hələ ki, bu layihəni tam olaraq dəstəkləmir. Səfir isə bu məsələni həll etmək üçün sözsüz ki, hakimiyyətin maraqlarına uyğun fəaliyyət quracaq. Elə ilk açıqlamasında - “ Artıq 17 ildir ki, Azərbaycana səfərlər edirəm. Mən rəhmətlik prezident Heydər Əliyevlə, prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərimi xoş hisslərlə xatırlayıram”,fikri də bunun təsdiqidir. Ekspertlər hesab edir ki, yeni səfir Azərbaycanda ölkə daxili siyasi proseslərə az müdaxilə etməyə çalışacaq. Çünki açıq şəkildə görünür ki, Azərbaycan müxalifəti hakimiyyətə alternativ ola bilmir və bu səbəbdən ABŞ müxalifətin tərəf olaraq tam tanınmasına çalışmayacaq. Amma bunun əvəzində hakimiyyətlə həm də antiterror sahəsində əməkdaşlığı genişləndirməyə çalışacaq. Bu gün Azərbaycan Əfqanıstan məsələsində ABŞ-la müttəfiqlik edir və bu münasibətlər daha da dərinləşəcək. Beləliklə çıxarılan nəticə budur ki, yeni səfirin gəlməsi ilə ABŞ-ın Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmayacaq. Əksinə münasibətlər daha da normal şəkilə düşəcək. Qeyd edək ki, bir müddət öncə Azərbaycana gələn ABŞ Dövlət Katibi Hillari Klintonda bu mövqeni açıq şəkildə göstərdi və müxalifət partiyaları ilə görüşə həvəs göstərmədi.
Toğrul Əliyev