Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı (QHT) iyulun 10-da Gəncədə iki polis əməkdaşının şəhid olması ilə nəticələnən hadisə bağlı bəyanat verib.

Unikal.org xəbər verir ki, bəyanatda ilk olaraq iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad xatırlanıb. Bildirilib ki, bu hərbi parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərib. 

Bəyanatda o da vurğulanır ki, işğalçı Ermənistan və havadarları da Silahlı Qüvvələrin Ali Baş Komandanının qətiyyəti və, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən təşvişə düşməyə bilməzdi:

"Bu gün  güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Azərbaycan ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat baxımından həm döyüş hazırlığı baxımından düşən ordusundan bu qədər üstün olmayıb. Ona görə də ermənipərəst, anti-Azərbaycan dairələri məqsədyönlü Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. İyul ayının 10-da Gəncə şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında xaricdən anti-Azərbaycan dairələri tərəfindən idarə olunan bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi də bunun bir nümunəsidir. Ancaq Gəncədə xalqın bu təxribatçılara dəstək vermədi. Qısa müddətdə şəhərdə ictimai asayiş təmin edildi. Bu, bir daha Azərbaycan xalqının dövlətçiliyimizin keşiyində olduğunu, ölkədə xalq-iqtidar birliyinin sarsılmaz olduğunu təsdiqlədi. 

Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatının yaydığı bəyanatda bir qrup radikal ünsürün törətdiyi cinayət əməli qətiyyətlə pislənilir:

"Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Allah şəhidlərimizə rəhmət etsin. Hərbi yönümlü QHT-lər qətiyyətlə bir qrup radikal ünsürün törətdiyi əməli pisləyir, cinayətkarların tezliklə cəzalandırılacaqlarını inanır. Biz - Bəyanata imza atan hərbi yönümlü QHT-lər vətəndaş cəmiyyəti institutları olaraq Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyimizi, dövlətçiliyimizə və xalqımıza qarşı yönələn təxribatların qarşısının alınmasında üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bildiririk.

Bəyanatı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Ehtiyyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobil Əlilləri İttifaqı İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları  İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 20 Yanvar  İctimai Birliyi, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, Əsgər Anaları Şurası və digər təşkilatlar imzalayıb.