5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi Bakının "Ukrayna dairəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.

Unikal.org-un "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcıları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidənqurulması işlərinə başlanılacaq.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.