"Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonrakı hadisələr Ermənistanın və qarabağlı ermənilərin vəziyyətlərinin nə qədər pis, nə qədər ağır olduğunu göstərdi. Ermənistan iqtidarı və hakimiyyət elitası ölkəmizin üzləşdiyi xarici siyasət və daxili siyasət çağırışlarını adekvat dəyərləndirə bilmədilər, gərəkli cavabı bacarmadılar. Ermənistandakı ermənilərlə yanaşı, xaricdə yaşayan ermənilər gördülər ki, Ermənistan, əslində, Rusiyanın Cənubi Qafqazdakı alətidir. Prezident Serj Sarkisyan isə müstəqil davranışa dəlalət edə biləcək heç nə, hətta ən primitiv addımları belə atmır və atmağa da qorxur. Prezidentimiz qorxaq, silahımız yox, özümüz də biçarə".

Unikal.org Milli.Az-a istinadən bildirir ki, İrəvandakı Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin icraçı direktoru Karapet Kalençyan "Dağlıq Qarabağdakı müharibənin nəticələri nədir?" başlıqlı məqaləsində belə yazıb.
Onun fikrincə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan birmənalı olaraq uduzub.



"ATƏT-in Minsk Qrupunun həmsədrləri əla bilirlər ki, Dağlıq Qarabağ münaqişəsində dövlətin ərazi bütövlüyü ilə millətin öz müqəddəratını həll etməsi prinsipləri tam ziddiyyət təşkil edir. 

Avropa, Rusiya və ABŞ-ı razı salan məqam da odur ki, sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərindən bəri Ermənistan, daha doğrusu ölkəni idarə edənlər Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu Azərbaycana qaytarmaq istəyirlər. Amma Ter-Petrosyan buna cürət etmədi, sonra Robert Köçəryan və Serj Sarkisyan da qorxdular. Rusiya da Azərbaycana yardım edir. Halbuki, biz MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya Birliyinin üzvüyük. Üstəlik, bu müstəvilərdə Rusiya ilə qarşılıqlı müqavilələrimiz var. Amma ordumuz zəifdir. Bu səbəbdən də bir ordu təpədən-dırnağədək silahlı olanda, o biri ordunun isə heç nəyi olmayanda nəticənin necə olacağı bəllidir. 

Hazırda ordumuzda olan silah və hərbi texnika köhnədir, sursatlar başa çatır, anbarlarda isə güllə və mərmi ehtiyatları yoxdur", - K.Kalençyan yazıb.

O, daha sonra vurğulayıb ki, Vyana görüşünə qatılaraq danışıqlarda iştirak etmiş Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmaması ilə faktiki olaraq razılaşıb və belə şəraitdə ermənilərin vəziyyəti daha da ağırlaşıb: "Dağlıq Qarabağ ermənilərinin rəhbərləri də Ermənistan hakimiyyətindən asılı olduğu üçün onları yaxşı heç nə gözləmir. Vəziyyət kritikdir. Ermənistanın müdafiə və xarici işlər nazirləri nə işlə məşğul olurlar: Ermənistan ordusunda əsgərlər intihar edirlər, zabitlər oğurluq edir, rüşvət alırlar - kimsə bu biabırçılıqların qarşısını aldımı? Bir neçə nəfəri "dördgünlük müharibə"dən sonra işdən çıxardılar. Amma əsas rüşvətxorlara toxunan olmadı.

Bəs Xarici İşlər Nazirliyi nə işlə məşğul olur?! Bizə deyirlər ki, diplomatların fəaliyyəti gözə görünmür, hər şey kuluarlarda həll olunur. Yaxşı, hesab edək ki, inandıq. Hanı o "məxfi fəaliyyət"in nəticələri? "Dördgünlük müharibə" Ermənistanın xarici siyasətinin yarıtmaz, hətta sarsaq səviyyədə olduğunu göstərdi. XİN belə nəticələrin olmaması üçün nə etdi?! Heç nə.
Çünki MDB daxilində bir sıra təşkilatlarda birgə təmsil olunduğu Belarus Azərbaycanı birmənalı olaraq dəstəklədi. Üstəlik, Minskin qəbul etdiyi yeni hərbi doktrinaya görə, Belarusun qoşunları ölkə xaricində hər hansı hərbi əməliyyatlarda iştirak edə bilməz.



Qazaxıstan da Azərbaycanı dəstəklədi. Belədirsə, KTMT və Avrasiya Birliyi Ermənistanın nəyinə gərəkdir?!  Belarus və Qazaxıstan Azərbaycanı dəstəkləyirsə, Rusiya da Azərbaycana silah satırsa, MDB-dəki təşkilatlarda niyə hələ də qalırıq - anlamıram. 

ATƏT sədri Pedro Aqramaunt, ABŞ, Rusiya, Avrasiya Birliyi və KTMT-dəki bütün ölkələr Azərbaycana dəstək olursa, Brüsseldə Ermənistanın məğlubiyyəti sayıla biləcək "Sərsəng qətnaməsi" qəbul olunursa, görün biz nə gündəyik.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "dördgünlük müharibə" zamanı çox fəal işlədisə, Ermənistanın səfiri, ümumiyyətlə, gözə dəymədi.

Kim Kardaşyan və İveta Mukuçyan bizim XİN-lə müqayisədə ermənilərə daha çox fayda verirlər".