Seçkilərlə bağlı tərəflərin mövqeyi

Seçkilərlə bağlı tərəflərin mövqeyi

Hakimiyyət vahid komanda ilə müxalifət isə dağınıq halda seçkilərə qatılır

2013-cü il prezident seçkilərinə artıq hazırlıqlar müşahidə olunmaqdadır. İstər hakimiyyət, istərsə də müxalifət artıq müəyyən taktiki gedişlər nümayiş etdirməkdədir. İlk belə qığılcım isə müxalifətdən gəldi. Seçkilər yaxınlaşdıqca müxalifətin əsas aparıcı qüvvələri belə bir rəy yaratmaq istəyirdilər ki, artıq müxalifət daxilində bir sıra problemlər həllini tapıb və vahid namizəd müəyyənləşdirmək üçün işlər görülür.

Hətta bəyan edildi ki, İctimai Palata daxilində bu məsələ ilə bağlı heç bir mübarizə aparılmamalı və zamanı çatanda qarşıdurmaya getmədən vahid namizəd məsələsini həll edərək seçkilərə getmək vacibdir. Bu vaxta qədər isə müxalifət bütün gücünü səfərbər edərək seçki öncəsi demokratik mühit yaratmalıdır. Amma gözləntilər özünü doğrultmadı. Müsavat başqanının açıqlaması sübut etdi ki, müxalifət daxilində ciddi problemlər var və bu gün müxalifət nə seçki öncəsi demokratik mühit yaratmaq iqtidarındadır, nə də seçkilərdə vahid namizədlə iştirak edə bilməyəcək. İsa Qəmbər isə bunu tam çılpaqlığı ilə ortaya qoydu və bəyan etdi ki, 2013-cü ildə prezident seçkilərinə namizədliyini verəcək. Bununla da AXCP-Müsavat birliyinə ağır zərbə vuruldu. Qısa zaman ərzində hər iki partiyanın aparıcı simaları ittiham dolu bəyanatlarla çıxış etdilər, sosial şəbəkələrdə isə bu yanaşma az qala xəyanət kimi dəyərləndirildi. Bununla da müxalifətin strateji planı əslində özünü doğrultmadı. Maraqlıdır , bəs hakim düşərgə də nələr baş verir?
Azərbaycan Milli Məclisinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova partiyanın prezident seçkiləri ilə bağlı hazırlıqlarının növbəti dəfə öz müsbət nəticəsini verəcəyini hesab edir.
Muradova bildirib ki, bu gün Azərbaycanda iqtidarda olan siyasi qüvvə seçkilərə hazırlıq prosesinə heç zaman fasilə verməyib.
"Azərbaycanda seçkilərə hazırlıq başlanılıb. Yəni kimlər üçünsə başlanılıb, amma kimlər üçünsə bu, daimi prosesdir. Çünki iqtidarda qalmaq istəyən, ümumiyyətlə, iqtidara gəlmək istəyən siyasi qüvvə və onun namizədi davamlı, məqsədyönlü, fasiləsiz, müsbət nəticəyə hesablanmış, seçicilərin daha çox etimadını və inamını qazanmaq, onu qorumaq, inkişaf etdirmək istiqamətində səy, fəaliyyət göstərməlidir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu istiqamətdədir. Hesab edirəm ki, bu hazırlıqlar növbəti dəfə öz müsbət nəticəsini verəcək", - o, deyib.
Vitse-spiker qeyd edib ki, düşərgəsindən asılı olmayaraq, seçkilərə kimin necə hazırlaşması onların imkanı daxilində olan məsələdir.
"Müxalifətin imkanı bu gün ona çatır ki, bir-biri ilə razılaşmamaqla özlərini gündəmdə saxlamağa cəhd etsinlər. Bu da onların özlərinin ifadə formasıdır, özlərinin siyasi fəaliyyətinin təzahürü formasıdır", - Muradova deyib.
Vitse-spiker vurğulayıb ki, hər kəs öz sosial bazasına, siyasi kapitalına uyğun hazırlığı həyata keçirir.
Bu məsələnin bir tərəfi, amma hakimiyyətin seçkilərə hansı şərtlərlə gedəcəyi də bu gün müzakirə olunur. Ekspertlər iddia edir ki, bu gün yaranan mühit elədir ki, hazırkı prezident İlham Əliyev heç bir çətinlik çəkmədən seçkilərdə qalib ola biləcək. Çünki alternativləri çox zəifdir, digər tərəfdən İlham Əliyev cəmiyyətin rəğbətini qazanacaq addımları ata bilir və bəzən bu addımlar kifayət qədər riskli olur. Məsələn aparılan sosialoji sorğular açıq şəkildə göstərir ki, prezident İlham Əliyev Ramin Səfərovu dərhal azadlığa buraxması ciddi addım idi və prezident bunu etdi.Və bu addımla nə göstərdi? Bir tərəfdən dünya ictimaiətinə sübut etdi ki, heç bir dövlət Azərbaycanla zor dilində danışa bilməz. Digər tərəfdən isə sübut etdi ki, hər bir Azərbaycan vətəndaşını qormağa qadirdir. Və bu gün sorğu keçirilərsə İlham Əliyev 90 faiz belə səslə birinciliyini qoruyub saxlaya bilər. Bundan başqa baş verən proseslərin təhlilidə sübut edir ki, hazırda müxalifətdən fərqli olaraq hakimiyyət vahid komanda şəkilində fəaliyyət göstərə bilir və bu komandanın rəhbəri alternativsiz olaraq İlham Əliyevin özüdür.
Beləliklə aydın olan budur ki, müxalifət bu seçkilərə də dağınız şəkildə,hakimiyyət isə tam gücü ilə getməyə müvəffəq oldu.

Mehdi Əli