İkinci Dünya müharibəsi zamanı almanlara əsir düşən SSRİ rəhbəri İosif Stalinin oğlu Yakov Cuqaşvili haqqında heç kəsin bilmədiyi məlumatlar zaman-zaman araşdırılaraq dərc olunur.

Unikal.org islaminsesi.info-ya istinadən bildirir ki,1945-ci ildə İosif Stalinin iş masasının üzərində, imperiyanın Təhlükəsizlik katibi və gizli polisin rəhbəri olmuş Lavrentiy Beria tərəfindən qoyulan məxfi sənəd dururdu. Həmin sənəd İosif Stalinin böyük oğlu, 1941-ci ildə almanlara əsir düşən, 1943-ci ildə isə konslagerdə ölən Yakov Cuqaşvili haqda idi.

Məxfi sənəddə yazılırdı ki, 1945-ci il yanvar ayının sonlarında 1-ci Belarus cəbhəsinin ordusu, almanlar tərəfindən əsir götürülən bir qrup yuqoslaviyalı zabit və əsgərləri azad edir. Onların arasında Stalinin oğlu ilə birgə əsirlik həyatı yaşayan yuqoslaviyalı general Stefanoviç də var idi.

Stefanoviç tez-tez baş leytenant Cuqaşvilinin yanına gələr və ona kömək təklif edərdi. Lakin Stalinin oğlu həmişə bu yardımlardan imtina edir və əsirlikdə olan digər Sovet əsgərlərindən fərqlənmək istəmədiyini bildirərdi.

Məxfi sənəddə yazılırdı ki, Yakov Cuqaşvili özünü olduqca qürurlu və sərbəst aparıb. Alman zabitləri onun saxlanıldığı otağa daxil olanda belə, heç vaxt ayağa qalxmayıb. Sorğu-sual ediləndə isə üzünü divara tutub. Bu səbəblərdən də tez-tez karsa salınıb.

Yakov Cuqaşvilinin guya SSRİ əleyhinə alman mətbuatına müsahibə verdiyi barədə məlumatlar yayılsa da, Stefanoviç bu iddiaları təkzib edib və Stalinin oğlunun heç vaxt ölkəsi əleyhinə danışmadığını bildirib: " Bir gün əsirlikdə gəzinti zamanı Cuqaşviliyə belə bir şaiyənin yayıldığını dedim. O, isə cavab verdi ki, heç vaxt alman mətbuatına öz ölkəsi haqda hərbi və siyasi mövzuda heç nə deməyib. O, həmçinin Almaniyanın tezliklə darmadağın ediləcəyini də əlavə etdi".

Məxfi sənədlərdə qeyd olunur ki, 1942-ci ildə əsirlikdən qaçmağa çalışan yuqoslaviyalı zabitlər Cuqaşvilinin otağından istifadə etmək istəyiblər. Konslagerin komendantı isə bundan xəbər tutaraq Stalinin oğlunu karsla cəzalandırıb və onun saxlanıldığı otağı isə betonla hördürüb. Bu hadisədən sonra Cuqaşvili həmin konslagerdən naməlum istiqamətə aparılıb və Stefanoviç bir daha heç vaxt onu görməyib.

Bəzi məlumatlara görə, Alman hökuməti Stalinə onun oğlu ilə fredmarşal Paulusun dəyişdirilməsini təklif edib. Stalinin cavabı isə belə olub: "Mən əsgəri Freldmarşala dəyişmirəm".

Qeyd edək ki, Yakov Cuqaşvili 1943-cü il aprelin 14-də Almaniya əleyhinə fikirlər səsləndirərək , əmrləri pozub və özünü yüksək gərginlikli elektrik xətlərinin üzərinə atıb. Elə bu səbəbdən də o güllələnərək öldürülüb.