İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq cəbhəyanı rayonlarda sahibkarlarla görüş keçirilir, onlara güzəştli kredit əldə etməsi üçün yardım göstərilir. Lakin cəbhəyanı rayonların sahibkarları güzəştli kreditləri heç də asanlıqla əldə edə bilmirlər və ya buna çox zaman maneə yaradırlar.
Belə ki, bir müddət öncə Tərtər rayonunda sahibkarla görüş zamanı onlar kredit əldə etmələri üçün təklif səsləndiriblər. Dövlət qurumundan onlara bildirilib ki, yaxınlıqdakı rayonların banklarına gedib güzəştli kredit ala bilərlər. Tərtər rayonun İsmayılbəyli kəndində yaşayan Teyyub Səfərzadə növbəti gün Bərdə rayonuna gedib kredit almaq istəsə də, istəyi baş tutmayıb. Ona bildirilib ki, krediti yalnız Bakıdan əldə edə bilər. Belə ki, sahibkar 15 min manatlıq kredit üçün 100 min manat dəyərində girov qoymaq istədiyini bildirsə də krediti əldə edə bilməyib.
Unikal.org xəbər verir ki, bununla bağlı adı çəkilən sahibkar və digərlərindən Modern.az-a çoxlu sayda şikayətlər daxil olub.
Sahibkar Teyyub Səfərzadə açıqlamasında bildirib ki, işi ilə bağlı bankların Bərdə filiallarına dəfələrlə müraciət etsə də nəticə olmayıb.

"Mənə banklardan deyirlər ki, Tərtəri ermənilər işğal edəcək. Evimin, torpağımın sənədini verirəm, evimi də, fermamı da çəkiblər. Cavab olaraq bildirsəm də Tərtər heç vaxt işğal olunmayacaq, deyirlər ki, Tərtərə pul verə bilmərik. 4 aydır gedirəm gedirəm məni geri qaytarırlar. "Accesbank", "Nikoil" banklarının Bərdə filiallarına müraciət etmişəm. Sanki bu ölkə vətəndaşı deyiləm kimi mənimlə rəftar edirdilər.

Özümə də dedilər ki, Tərtərə pul verə bilmərik. "Tərtəri ermənilər işğal etsə pulu kimdən alacağıq?" deyirlər. Axırıncı dəfə bir ay bundan öncə "Parabank"ın Bərdə filialına müraciət etmişəm, onlar gəlib evimi, fermamı çəkdi və mənlə bir insan kimi davrandılar".

T.Səfərzadə Sahibkarlara Kömək Milli Fonduna müraciət etdiyini də qeyd edib. "Fondun icraçı direktoru Şirzad Abdullayev 20 gün öncə rayona gəlmişdi, orada çıxış etdim. Sənədlərimin qaydasında olduğunu deyib, mənə kömək edilməsini bildirdi. Amma banklara gedirəm, mənə heç biri yaxın durmur.

Bircə "Parabank"a ümidim qalıb. Onlar evimi, fermamı çəkəndə dedilər ki, sənə kredit düşür. 100 min dollarlıq evə, fermaya pul xərcləmişəm, evin çıxarışına isə dövlət 11 min manat qoyub. Amma mənə 15 minlik krediti vermirlər".

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a açıqlamasında bildirib ki, ilk növbədə hər bir sahibkarın güzəştli kredit əldə etməsi üçün müvafiq sənədləri olmalıdır."Tövsiyə olunur ki, sahibkarlar qeyd olunan sənədlərlə müvəkkil kredit təşkilatlarına rəsmi müraciət etsinlər və onların layihələrinə baxılmasının nəticələrinə dair məlumatı da rəsmi tələb etsinlər. Mövcud qaydalara əsasən, müvəkkil kredit təşkilatları sahibkarın layihəsini maliyyələşdirməkdən imtina edərlərsə 3 gün ərzində sahibkara əsaslandırılmış imtina məktubu verməlidirlər".

A.Əliyev vurğulayıb ki, sahibkar kredit götürəcəyi kredit təşkilatını inandırmalıdır ki, onun şəffaf biznes tarixi var və bu layihəni həyata keçirilməsində hər hansı bir nöqsana yol verməyəcək.

Nazirlik rəsmisi bildirib ki, təkcə son 1 ay ərzində Tərtər, Ağcabədi və Goranboy rayonlarında keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumlar çərçivəsində cəbhəyanı bölgələrdə fəaliyyət göstərən 77 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 536 min manat güzəştli kredit verilib. A.Əliyev vurğulayıb ki, həmin sahibkar kredit alması üçün Sahibkarlara kömək Milli Fonduna müraciət edə bilər. "Əgər bizə müraciət edərsə ona kömək etməyə hazırıq".

"Nikoil" Bankın Bərdə filialının sədri Yunis Məmmədov isə onlara belə şəxsin müraciət etmədiyini qeyd edib.
"Sahibkarın açıqlamasını saytda oxudum, amma bizə elə müştəri müraciət etməyib. Buranın insanlarını da yaxşı tanıyıram. Tərtərin işğal olunması haqda isə deyilə bilməz. Mən özüm də tərtərliyəm.

O yenidən "Nikoil" banka yaxınlaşsın, işi haqda məlumat versin, uyğun gələrsə, sənədləri yerində olarsa, biznes layihəsi normaldırsa biz ona kredit verəcəyik".

"Accesbank"ın Bərdə filialından isə bildirilib ki, "Tərtər işğal olunacaq, ora kredit verə bilmərik" ifadəsi onlar tərəfindən işlədilə bilməz. Bu, kredit verilməməsi üçün səbəb ola bilməz.

"Bizim belə qaydamız və ya məhdudiyyətimiz yoxdur. Bərdə filialı açılıb ki, Bərdə və ətraf rayonlara xidmət etsin. Müştəri bizə yenidən müraciət etsin, məsələ araşdırılsın və ona kömək edilsin".