Serj Sarksyan çıxılmaz durumda
Serj Sarksyan çıxılmaz durumda

ATƏT məsələyə reaksiya verdi

Ramil Səfərovun azadlığa buraxılmasından sonar Ermənistan tərəfi artıq beynəlxalq təşkilatlar qarşısında bu məsələni gündəmə gətirməklə ümumiyyətlə yeni vəziyyət yaratmağa çalışır. Artıq ilk addım ATƏT-in Minsk qrupu ilə olan görüşdə səsləndi. Belə ki, "Ramil Səfərovun əfv edilməsi sülh prosesinə zərbə vura bilər"-bəyanatı məhz bu görüşdə səslənidirilib.

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 2-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə məqsəd regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri müzakirə etmək olub.
Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə avqustun 31-də Azərbaycan hakimiyyətınin 2004-cü ildə Budapeştdə erməni zabiti qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovu əfv etmək barədə qərarını müzakirə ediblər. Onlar Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında etimada zərbə vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini bildiriblər.
Həmsədrlər yenidən nazirlərə bildiriblər ki, iyunun 19-da Los-Kabosda həmsədr ölkələrin prezidentlərinin bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Onlar gərginliyi azaltmaq və sülh prosesində tərəqqiyə nail olmaq üçün tərəflərlə təmas saxlamağa davam edəcəklər.
Bu görüşdən aydın oldu ki, Ermənistan tərəfi hələ ki, bu məsələdən sona qədər yararlanmaq istəyir və məsuliyyəti də Azərbaycanın üzərinə yönəltmək fikrindədir. Ekspertlər hesab edir ki, erməni tərəfi bu məsələni o həddə qədər şişirdəcəklər ki, Avropa Şurasında da məsələ müzakirə olunsun və Azərbaycanı tənqid edəcək bəyanat qəbul olunsun və Azərbaycan tərəfindən istənilsin ki, Ramil Səfərov məsələsinə yenidən baxılsın. Azərbaycan tərəfi isə sözsüz ki, buna getməyəcək. Elə Prezident Admnistrasiyasının şöbə müdri də açıqlaması ilə bunu təsdiqləyir.
“Son vaxtlar Ramil Səfərov hadisəsi, Azərbaycanın beynəlxalq diplomatik müstəvidə erməni tərəfini ifşa etməsi, Dağlıq Qarabağ məsələsində ermənilərin bütün lazımi arqumentlərinin tükənməsi, işğalçılıq faktlarının pərdələnməsinin Ermənistan, onun ideoloji strukturları üçün çətinləşməsi şəraitində ermənilər Azərbaycanın haqq səsini yayan, Azərbaycanın informasiya siyasətini həyata keçirən xəbər portallarına qarşı total hücuma, təxribatlara başlayıblar”.
Bunu açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun fikrincə, beynəlxalq aləmdə Azərbaycana qarşı yönəldilən ciddi informasiya hücumlarının, o cümlədən ölkəmizin elektron KİV-inə müdaxilələrin arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur.
Şöbə müdiri bildirib ki, erməni tərəfinin sözügedən hücumları ilə bağlı Azərbaycan hakimiyyəti və hakimiyyət strukturları ciddi işə başlayıb: “Hazırda həm ölkə daxilində, həm ölkəni beynəlxalq aləmlə bağlayan elektron trafiklərdə, eyni zamanda beynəlxalq aləmdə bu məsələlərlə məşğul olan müvafiq mərkəzlərlə ciddi iş aparılır, qarşı tərəfin hücumlarının qarşısının alınması və Azərbaycanın elektron informasiya vasitələrinin ahəngdar işinin təmin olunması istiqamətində işlər görülür”.
Ekspertlər bildirir ki, son günlər Ermənistanda həm də müharibəyə bir hazırlıq mühiti yaranıb və hesab edilir ki, qısa müddətli də olsa belə bir addım atıla bilinər. Çünki hazırda Serj Sarksyan seçkiöncəsi bu məsələyə görə ağır zərbə alıb və hansısa yolla bu balansı bərpa etməlidir. Amma regiondakı durum elə həddədir ki, Ermənistan riskli addım atmaqdada çarəsizdir. Çünki İrab hazırda bir küncə sıxışdırılıb və yaxın aylarda nələrsə olacaq. Digər tərəfdən NATO Gürcüstanda maraqlarını daha da gücləndirir. Belə olan halda müharibə olarsa Rusiyanın açıq şəkildə Ermənistana dəstək verib verməməsi sual altında qala bilər. Buna görə də Ermənistan bu aralar tam olaraq Rusiyanın siyasətinə uyğun addım atacaq. Rusiyaya isə bu gün hələ ki, müharibə lazım deyil.
Mehdi Əli