London Olimpiya oyunlarının bürünc medalçısı, 2 dəfə Avropa çempionu ağır atlet Valentin Xristov şəxsi həyatı ilə bağlı danışıb. Milli komandamızın üzvü olan V.Xristov azərbaycanlı keçmiş futbolçu Nərgiz Paşayeva adlı xanımla ailəlidir. O, Azərbaycan dilini məhz yoldaşının sayəsində öyrənib.

Unikal.org-a müsahibə verən cütlük tanışlıqlarından və həyatlarındakı bəzi çətin anlardan danışıb.

- Azərbacana nə vaxt gəldiniz?

- 2011-ci ildə gəlmişəm. Bu günə qədər heç vaxt Azərbaycana gəlməmişdim. Bu ölkə haqqında da məlumatım yox idi.

Təklif isə mənə yox, məşqçim Zlatan Vanevə gəlmişdi. Belə ki, onu Azərbaycan milli komandasına baş məqçi gəlməsi üçün təklif gəldi. O da rəhbərliyə bildirdi ki, mənim bir tələbəm var onsuz gələ bilməz. Bu zaman Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri bildirib ki, "gətirin baxaq görək necə idmançıdır?. Məni baxışdan keçirmək üçün çağırdılar.

2011-ci ildə Bakıya gəldim və 10 gün qaldım. Bu müddət ərzində özümü göstərdim. Həmin vaxt mənim 17 yaşım və 55 kq çəkim vardı. 150 kq qaldırdım. Beləliklə məni bəyəndilər və komandaya qəbul etdilər, Vanevi də məşqçi kimi qəbul etdilər. Həmin vaxtdan Azərbaycan passportu aldım.


- Həyat yoldaşınız Nərgizlə nə vaxt tanış olmusunuz?

- Azərbaycana gəlməyimdən haradasa 5 ay keçmişdi. 5 aydan sonra məşqlər üçün stadiona getmişdik. Orada da qızlar futbol oynayırdı. Nərgiz də skamyada oturmuşdu. Həmin qızlardan ibarət komandanın məşqçisi idi.

(gülür) Mənim də yanımda da Gürcüstandan olan dostum vardı. Ona Nərgizi göstərib dedim, o qızdan xoşum gəlir. Amma yaxınlaşmağa çəkinirəm, çünki bura Azərbaycandır, birdən düzgün anlaşılmaz. Dostum da dedi yox get yaxınlaş söhbət et.

Həmin vaxt Nərgizə yaxınlaşdım və tanış olduq. Nərgizlə türk dilində danışırdım, rus dilində də az bilirdim. Türk dilini əvvəldən bilirdim. Çünki atam, dostlarım türkdür. Azərbaycan və rus dilini Nərgiz sayəsində öyrənmişəm.

- Azərbaycana gələndə düşünərdinizmi Azərbaycanda bir xanımla evlənərsiniz?

- Əslində Bolqarıstanda da olanda fikrim var idi ki, müsəlman ölkədən olan bir xanımla evlənim.

- Sizdə sevgini kim ilk etiraf etdi?

- Nərgiz: O deyib, mənim yadımda deyil axı...

Valentin: Yox, ürəkli smaylikləri sən birinci göndərmişdin. (gülür)


- Gəlin qayıdaq Nərgizlə tanış olduğunuz o ana... Yaxınlaşıb nə dediniz? Həmin vaxt sevgi etirafı edə bildin?

- (gülür) Yox sadəcə soruşurdum sən haradan gəldin? Bu yarış nə yarışıdır? Bu zaman Nərgiz bildirdi ki, keçmiş futbolçudur, hazırda komandanın məşqçisidir.

Mən də bildirdim ki, Azərbaycana bu il gəlmişəm, ağır atletika millisindəyəm. Bundan sonra ona da maraqlı gəldi və yazışmamaız, söhbətimiz davam etdi.


Söhbətimizə Valentin Xristovun həyat yoldaşı Nərgiz Paşayeva müdaxilə edir

- Avqust ayında biz stadionda valentinlə tanış olduq. Amma ilk görüşümüz növbəti ilin mart ayına təsadüf edə bildi. Çünki mənim işim, onun məşqlələri görüşümüzə mane olurdu. Ancaq telefonla danışırdıq, sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilirdik.


- Nərgiz ailənlə Valentini necə tanış edə bildin?

- Bizdə tanışlıq bir az başqa olub. Standart olmayıb. Onu bir dəfə evə ad günümə çağırdım. Onun yanında da bir rəfiqəsi ağır atlet vardı. Hər ikisini ad günümə dəvət etdim. Elə birada da ailəmlə tanış oldular.

Sonra Valentin olimpiya oyunlarına gedib orada bürünc medal qazandı.



- Ailən sevgili olduğunuzu bilirdi?

- Anam bilirdi, atam sadəcə dost olduğumuzu bilirdi. Bizdə bir də maraqlı bir məqam oldu. İndi mən onun ailəsi il tanış olmağa Bolqarıstana getməli idim.

Mən evdə necə deyim ki, Bolqazrıstana Valentinin ailəsi ilə görüşməyə gedirəm. Fikirləşdim nə deyə bilərəm? Dedim ki, futbolla bağlı gedirəm, komandayla birlikdə Bolqarıstanda olmalıyam. (gülür)

Bizim tanış olmağımızdan təxminən 9 ay sonra Valentin mənim ailəmlə tanış oldu, 1 il sonra da mən onun ailəsi ilə görüşüb, tanış oldum. Bolqarıstana gedəndə evdəkilər elə bilirdilər ki mən futbolla bağlı getmişəm.

Getdik tanış oldum, mənə qarşı münasibətləri çox yaxşı oldu. Sonra onlar gəlib bizim ailə ilə tanış oldular. Mənim ailəm onun olimpiadada medal qazanmağından sonra daha da çox istəməyə başladılar. Onu görən kimi deyirdilər bu oğlan bizdə ad günündə olub.


- Valentinin anası ilə tanış olanda hansı dildə danışdın? Artıq bolqar dilini öyrənmişdin?

- Yox Türkcə danışdım.


Söhbətimizi Valentin Xristovla davam etdik...

- Ananız Nərgizi görəndə ilk nə dedi?

- Dedi sevirsənsə evlənin, toy edin. Heç bir problem yoxdur. Onun anansı da eyni sözü dedi.

Həyatımızla bağlı hər şeyə Nərgizlə ikimiz qərar verdik.


- Tatularınız maraqlıdır. Bir-birinizin adlarını yazdırıbsınız... Bu kimin fikri olub?

- Nərgiz: Buna birinci mən qərar verdim. 2012-ci ildə Valentinə dedim ki, sənin adını tatu etdirmək istəyirəm. İlk olaraq dedi "neynirsən? Bəlkə lazım deyil. Sonra dedim ürəyimdən gəlir, etmək istəyirəm. O da dedi "necə istəyirsən, problem deyil. Bir müddət sonra isə haradasa artıq biz evlənmişdik, bu zaman Valentin mənim adımı qoluna yazdırdı. Mən olimpiya oyunlarından sonra etmişdim.

Valentin: Mən də üstündən bir müddət keçmişdi düşündüm ki, mən niyə Nərgizin adını yazdırmayım? Artıq övladımız da var, gözəl ailəmiz var.

- Surpriz etdiniz ya Nərgizə əvvəldən xəbərdarlıq etmişdin?

- Nərgiz: Bolqarıstanda olarkən etdirib. Biz "skype vasitəsi ilə danışarkən mənə surpriz etdi, mən də çox bəyəndim.


- Nərgiz futbolu davam etdirməyinə Valentin icazə verərdi?

- Nərgiz: Məncə problem olmazdı, icazə verərdi.

Valentin: Niyə də icazə verməyim? Ancaq Nərgiz futboldakı şərtləri mənə dedi. Mən düzü o şərtlərlə razı olmadım. Məsələn, maaşlar çox az idi, diqqətdən kənarda qalmışdılar. O zaman Nərgizə dedim, lazım deyil, mənim qazancım bizə, ailəmizə bəs edər.

Həmin vaxtdan da Nərgiz oradan ayağını çəkdi. Bir neçə ildən sonra yenidən Nərgizlə əlaqə saxlayıblar, çağırıblar. Amma yenə də razı olmadıq.

- Valentin Xristov, bəs normal maaş versələr, şərtlər normal olsa yenə razı olmazsız?

- Yox artıq gecdir, çünki, artıq övladlarımız var. Bu da onun üçün də çətin olar.

- Valentin səndə mühavizəkarlıq var?

- Yox, yoxdur. Qətiyyən elə deyiləm. Hara gedirik birlikdə gedirik. Gecə heç yana gedən deyiləm. Ailəmə bağlı biriyəm. Olur ki, uşaqları qayınanamgilə veririk və Nərgizlə dincəlmək üçün, problemlərdən uzaqlaşmaq üçün istirahətə gedirik. Təbii ki uşaqlarla getdiyimiz vaxtlar da çoxdur. Mən qızlarımı çox istəyən bir atayam.

- Dostlarınla haradasa olub, evə 1-də ya 2-də getmirsiniz? Gəlin səmimi danışaq, buna Nərgiz razı deyil, ya özün istəmirsən?

- Onu da qeyd edim ki, burada mənim dostlarım yoxdur axı o saata qədər qalım. Ancaq ağır atletlərdir. Onlar da öz işlərində, öz ailələri ilə birlikdədir.

- Nərgiz çox qısqancdır?

- Əslində yarışlara getdiyim vaxt, qızlar yaxınlaşırdı ki, "sizinlə şəkil çəkdirmək olar? Şəkil çəkdirəndən sonra o şəkili görəndə deyirdi "bu qızlar kimdir. İndi bir-birimizi çox yaxşı başa düşürük, tanıyırıq. Ona görə də belə problemlərimiz olmur.

- Sizin üçün burada yaşamaq yaxşıdır, ya Bolqarıstanda?

- Ora daha rahatdır bizə. Belə ki, Bolqarıstanda daha sərbəstik, rahatıq. Bəzi məhdudiyyətlər yoxdur.

- Qonşu qınağı sizin ailə üçün də keçərlidir?

- Yox. Bizdə belə bir çey yoxdur. Biz özümüz üçün yaşayırıq. Filankəs nə deyər maraqlı deyil, bizə nə xoşdur, nə istəyirik onu da edirik.


- Sualı hər ikinizə vermək istəyirəm. Deyirlər "evlilik sevgini "öldürür"". Sizcə necə?

- Valentin: Yox, bizdə hətta artıb.

Nərgiz: Ola bilər sevginin formatı bir az dəyişir. Biz-birimizin yanında daha rahat, daha sərbəst oluruq. Məsələn, bir xanım olaraq çox problem etmirsən ki, sevdiyin səni makiyajsız görməsin.

- Valentin Xristov bacanaqlarla münasibətin necədir?

- Super, əladır. Bir müddətdir idmandan məlum səbəblərdən uzaq qaldığım üçün onlara daha çox vaxt ayıra bilirəm, tez-tez görüşə bilirik. Əvvəllər təlim-məşqlər üzündən aylarla görmürdük.

- Siz dopinqə görə növbəti dəfə cəzalandınız. Ola bilər kiminsə səhvi üzündən ola bilər. Həmin o ərəfələrdə dəstəyiniz oldu?

- Bu günə kimi, mənim bir tək yoldaşım yanımda olub. Başqa heç kəs... Ancaq Nərgiz mənə dəstəkdir.

Əvvəllər idman həyatımda belə bir problem olmayanda, atletikadan uzaq düşmədiyim zamanda telefonum gələn zənglərdən az qala qırılırdı. Dost-tanışlar hər gün zəng edir, "gəl, görüşək oturaq deyirdilər. İndi isə zəng etmirlər, maraqlanıb, soruşmurlar.



- O adamlardan incimisiz?

- Yox, əksinə bu vəziyyət mənə stimul verir, ruhlandırır. Çünki düşünürəm ki, idmana yenidən qayıtmalıyam. O zənglərin kəsilməsi isə mənə heç bir narahatçılıq vermir.

- Nərgiz özün bakılısan. Valentin Bakı camaatının "qədeşləri ilə tanış olub?

- (gülür) Bəli, təsbehi, papağı bilir.

Valentin: Əvvəllər o mənə qəribə gəlirdi. Amma hər kəsin bir xarakteri var. Onu da deyim ki, Azərbaycan mentalitetində elə qaydalar var ki, mənim xoşuma gəlir. Belə deyim, Bolqarıstanda 17-18 yaşında hər kəs rahat şəkildə barlara və diskotekalara gedir. Azərbaycanda belə deyil, bu da mənim çox xoşuma gəlir. Bir sözlə övlad tərbiyyəsi daha fərqldir.

Bura uşaq böyütmək üçün çox yaxşıdır. Mənim qızlarım da azərbaycanlı qızlar kimi tərbiyyə alır.


- İki qızınız var. Adlarını kim qoyub?

- Valentin: Mən qoymuşam. Birinci qızım Viktoriya qələbə mənasını verir. Həyatımızda bəzi şeyləri asan əldə etməmişik. Hər şeyi qələbə ilə əldə etmişik. İkinci qızım isə Melisadır. Böyük qızımın 5 yaşı var, rus və Azərbaycan dillərində yaxşı bilir. Digərinin isə hələ 2 yaşı var. Demək olar tam danışmır.

Ailədə də adətən Azərbaycan dilində, bəzən isə rus dilində danışırıq.

- Nərgiz sən Bolqar dilində bilirsən?

- Hər şeyi başa düşürəm, amma danışmaqda çətinlik çəkirəm.

Nərgiz: Maraqlı bir hadisəni də sizə danışım. Bizim yaş fərqimiz var axı... Valentinlə həmin stadionda tanış olanda o mənə yaşının 21 olduğunu demişdi. Amma mənimlə tanış olanda onun 17 yaşı varmış. Mən də dedim 23 yaşım var və düşündüm ki elə də böyük deyil, cəmi 2 yaş fərqimiz var. Əslində isə 7 yaş fərqimiz var.

Çox sonra biləndən sonra ona dedim ki, yaxşı vaxtında yaşını səhv demisən. Bəlkə o zaman belə münasibət qurmazdım. (gülür) Onu da deyim ki, o bu yaş fərqini mənə hiss etdirmirdi.

Valentin: Mən Nərgizə yaxınlaşanda hər şeyi beyinimdə planlamışdım. Onu da bildirim ki, stadionda çox qız vardı. Amma mənim gözüm və ürəyim Nərgizi aldı.

Sonda onu da demək istəyirəm ki, mənim həyatımda Nərgiz olmasaydı çoxdan Bolqarıstana qayıtmışdım.

Aygün İlqarqızı