Polis "zərərçəkmiş"in yalanını ifşa etdi
Lənkəranda bir neçə gün əvvəl hamilə qadının itkin düşməsi ilə bağlı xəbər vermişdik. 
Unikal.org apardığı araşdırma nəticəsində maraqlı məqamlar ortaya çıxıb. 

May ayının 8-də Daxili İşlər Nazirliyinin (DİN) 102 zəng mərkəzinə Lənkəran şəhərində yaşayan 19 yaşlı Ülviyyə Ağazadəyə qarşı yaşadığı evdə quldurluq cinayətinin törədilməsi barədə məlumat daxil olub. 102 zəng mərkəzi məlumatı dərhal Lənkəran rayon polis şöbəsinə ötürüb. Polis şöbəsinin əməkdaşları vaxt itirmədən sözügedən ünvana yollanıblar. Adıçəkilən qadının izahatı alınıb. O bildirib ki, tanımadığı üç nəfər - biri hicabda, ikisi isə maskada aldatma yolu ilə evə girib. Deməsinə görə quldurlar ona baş nahiyəsindən küt alətlə  xəsarət yetiriblər və əllərini yapışqanlı lentlə bağlayıb evdən qızıl əşyalar aparıblar. Polis əməkdaşları ağır cinayətin açılması üçün dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Hadisədən bir gün sonra polis əməkdaşları həmin evin həyətindən oğurlandığı iddia edilən qızıl-zinət  əşyalarını tapıblar.
May ayının 8-dən dünənə qədər bu istiqamətdə keçirilən zəruri tədbirlər nəticəsində Ülviyə Ağazadənin polisə bilə-bilə yalan məlumat verməsi üzə çıxıb. Məlum olub ki, heç bir quldurluq hadisəsi baş verməyib.
Bütün bu səhnəni də (başına xəsarət, əl qolunun skoçla bağlanması, evdən qızıl əşyalarının aparılması) bilərəkdən Ülviyə Ağazadə özü təşkil edib. Əməlinin ifşa olunduğunu görən gənc xanım polisə bilə-bilə yalandan məlumat verməsini özü də etiraf edib. 

19 yaşlı qadını bu hərəkətlərə məcbur edən nədir?

Ülviyə Ağazadə bir neçə ay bundan əvvəl Lənkəran rayon sakini ilə ailə həyatı qurub. Onun həyat yoldaşı Bakıda avtomobil təmir sexlərinin birində usta işləyir. Ülviyəni Bakıda həyat yoldaşı ilə kirayədə yaşayıb. Həyat yoldaşı Ülviyyəni hamilə olduğu üçün Lənkərana ata evinə aparıb qoyub, özü isə paytaxta qayıdıb. Qadın həyat yoldaşına bir-iki dəfə zəng edərək bildirib ki,  o Lənkəranda qalmaq istəmir. Bakıya dönmək istədiyini bildirib. Yoldaşı Ülviyyənin Lənkəranda qalmasının onun sağlamlığı üçün daha faydalını olduğunu deyərək hələlik Bakıya gətirməkdən imtina edib. Bundan sonra Ülviyyə yuxarıda qeyd olunan  hadisəni həyata keçirib. 

Ayaq izi olmayan otluq ərazidən "oğrular" necə qaçıb?...

Polislərin Ülviyyə "əgər oğrular qızılları aparıblarsa bəs niyə həyətə dağıdıblar" sualına Ülviyyə cavabında ilkin istintaqa bunları bildirib: "Onlar qızılları götürüb həyətə düşdükdən sonra qızıllar əllərindən düşüb. Polislərin gələcəyindən qorxub, qızılları geriyə qayıdaraq götürməyə cəht etməyiblər".
Polisin araşdırmasında məlum olub ki, "hadisə baş verən" evin həyəti  yaşıl otluqdur və burada heç bir ayaq izinə də rast gəlinməyib.

"Məni girov götürüblər, 80 min istəyirlər"

Polis araşdırmaları zamanı Ülviyə Ağazadənin daha bir törətdiyi əməlin üstünü açılıb. Belə ki, xanımın həyat yoldaşı Lənkərandakı ata evini 80 min manata satmalı imiş. Bundan sonra Ü.Ağazadə istitaq müddətində başqa bir nömrə ilə həyat yoldaşına mesaj yazıb. Mesajda həyat yoldaşının girov götürüldüyünü və 80 min manat müqabilində buraxılacağı qeyd olunub. 
Polis Ülviyyə Ağazadənin həyat yoldaşına yazdığı mesajlarıda da üzə çıxarıb. 

Qısa müddətdə özünü skoçladı…

Rayon Polis Şöbəsinin  və rayon prokurorluğunun əməkdaşları ekspermentdə də keçirdiblər....Ülviyyə Ağazadə özü əl-qolunu necə bağlamasını hüquq-mühafizə orqanları əməkdaşlarına nümayiş etdirib. Məlum olub ki, sözü gedən xanım çox qısa vaxt ərzində heç kəsin köməyi olmadan  öz əlini və qollarını skoçla bağlaya bilir. Bu da polis və prokurorluq əməkdaşlarının təəcübünə səbəb olub. 

Qadın tibbi müayinədən keçirilib...

Ülviyyə Ağazadə tibbi müayinədən də keçib və onda heç bir psixoloji xəstəlik aşkar olunmayıb. Xanım ilkin dindirilmə zamanı oğruların ona guya uyuşdurucu vurduğunu da deyibmiş. Həkimlərin apardığı müayinə zamanı məlum olub ki, xanım özü-özünə tərkibində heç bir uyuşdurucu maddə olmayan iynə vurub. 

Məsələ ilə bağlı unikal.org-un suallarını cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi müavini Ehsan Zahidov bildirib ki, xanım hamilə olduğu üçün dindirildikdən sonra Lənkəranakı evinə gətirilib. Amma polisin nəzarəti altındadır və araşdırmanın nəticəsindən aslı olaraq müvafiq qərar qəbul ediləcək.

Amid Əyyuboğlu