AFR Konstitusiyasının qorunması üzrə Federal İdarənin rəisi Hans-Georq Masen hakim koalisiyaya daxil olan sosial-demokratların tələbi ilə bu vəzifədən çıxarılıb, lakin istefaya göndərilmək əvəzinə daha yüksək vəzifəyə təyin edilib. İndi o, Almaniya Daxili İşlər Nazirliyində stats-sekretar vəzifəsini tutacaq, yəni əslində nazir müavini olacaq.

Unikal.org azərtac-a istinadən bildirir ki, siyasi analitiklərin fikrincə, kansler Angela Merkelin kadrlarla bağlı bu cür gözlənilməz qərarı onun sayca dördüncü hökumətinin parçalanmasının qarşısını almaq üçün yeganə mümkün variant idi. Xatırladaq ki, hakim koalisiyaya Almaniya Sosial-Demokrat Partiyasından (ASDP) əlavə, Merkelin özünün rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və mühafizəkar blok üzrə onun tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) da daxildir (XSİ-yə daxili işlər naziri Horst Zeehoferin başçılıq edir).

Hans-Georq Masen bir müsahibəsinin güdazına gedib: o, həmin müsahibədə avqustun axırlarında Xemnitsdə ultrasağçılar tərəfindən təşkil olunmuş iğtişaşlar zamanı hazırlanmış videoyazının həqiqiliyinə şübhə etdiyini bildirib. Videoyazıdan görünür ki, qəzəblənmiş fırıldaqçılar küçədən keçən insanları qaçqın hesab edərək onları incidirlər. Angela Merkel özü də bu kadrları məhz belə şərh edərək, iğtişaşların təşkilatçılarının və onların sağçı ekstremist iştirakçılarının hərəkətlərini kəskin pisləyib.

Xüsusi xidmətin rəhbəri isə bildirib ki, onun əlində əcnəbilərin incidilməsi barədə "etibarlı informasiya" yoxdur və həmin videoçarxın solçu antifaşistlər tərəfindən ictimaiyyətin diqqətini Xemnitsdə törədilmiş qətldən yayındırmaq məqsədilə saxta yolla hazırlanmasını da istisna etmir.

Xatırladaq ki, Xemnits şəhərində iğtişaşlar avqustun 26-da dava nəticəsində bir nəfər alman kişi çox güman ki, qaçqınlar tərəfindən öldürüləndən sonra başlanıb. Onu da qeyd edək ki, həmin videoçarx Almaniya KİV-lərində dərc edilməzdən əvvəl onun həqiqiliyini diqqətlə yoxlayaraq bir sıra meyarlar, o cümlədən şahid ifadələri əsasında videoçarxın autentik olması barədə nəticə çıxarıblar.