Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

Unikal.org bildirir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkoqol istehlakı hər il dünyada üç milyondan çox insanın həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm hallarının cəmindən daha çoxdur. Alkoqolla əlaqəli ölənlərin dörddə üç hissəsi kişilərdir.

DST-nin baş direktoru Tedros Adhanom bildirib ki, çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar alkoqoldan sui-istifadənin müxtəlif fəsadlarından (zorakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng və insult kimi xəstəliklər) əziyyət çəkir.

Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox xəstəliyin birbaşa və ya dolayı yolla alkoqol istehlakı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, həddən artıq spirtli içki qəbulu insanların immun sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS, ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış hesabatda spirtli içkilərə görə dünyasını dəyişən insanların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil etdiyi bildirilib.

Bununla belə beynəlxalq təşkilat alkoqol istehlakında azalmanın də müşahidə olunduğunu açıqlayıb. Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alkoqol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tendensiyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.

Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox alkoqol Avropada qəbul edilir.