10 Dekabr 2018
Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad olunmalıdır - Mehriban Əliyeva
SİYASƏT 2018-09-25 16:22:32
  • A

"Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir". 

Unikal.org xəbər verir ki, bu sözləri Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva deyib:

"Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülmüşdür. Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq".