Leyla Əliyeva Romada Azərbaycan otağının açılıışında - FOTOLAR
SİYASƏT 23:47 2018-09-25
  • A

Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində "Azərbaycan otağının açılışı olub.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.

Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirilib, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verilib.

Sonra "Azərbaycan otağının açılışı olub.

FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirib ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər.

Məlumat verilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı baş ofisində "Azərbaycan otağı Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib. FAO-nun ofisində müxtəlif ölkələrin otaqları mövcuddur. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub.