"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib.

Təcrübəli futbolçu derbiyə layiq matçın baş tutduğunu bildirib: "Çempion olanda heç bu qədər sevinməmişdik. Final matçında gərgin mübarizə keçdi. Son vaxtlar "Neftçi" çox yaxşı formadadır. Vəli Qasımovun gəlişindən sonra komanda yüksəlişdədir. Bir səhv final oyununun taleyini həll edə bilərdi. Çox sevinirik ki, sonda qələbə qazandıq. Çoxlu hücumlar təşkil etdik, qol epizodlarımız çox oldu. Lakin "Neftçi"nin qolkiperi Aqil Məmmədov bu oyunda möhtəşəm idi. Matçda sarı və qırmızı vərəqələr də oldu. Bir sözlə, əsl derbiyə layiq oyun baş tutdu. "Neftçi" – "Qarabağ" dueli həmişə maraqlı, gərgin keçib".