Cahangir Hacıyevin qalmaqallı şəriki ilə arası dəydi
Cahangir Hacıyevin qalmaqallı şəriki ilə arası dəydi

Beynəlxalq Bankın prezidenti Xaqani Bəşirovla yollarını niyə ayırıb?

Son vaxtlar Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin adının ən çox hallandığı qalmaqallı iş adamı Xaqani Bəşirovla işbirliyi pozulub. Hacıyev Bəşirovla ilişkilərinin mediada və ictimai rəydə ciddi şəkildə müzakirə mövzusu olmasından və bunun karyerasına get-gedə daha çox təhlükə yaratmasından narahat olaraq belə bir addım atıb. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, Hacıyevin adıçəkilən iş adamı ilə gizli əlaqələri ötən ilin iyulunda ortaya çıxıb. Həmin vaxt mətbuatda yazılırdı ki, Azərbaycan Beynəlxalq Bankından (ABB) külli miqdarda pul vəsaitləri yoxa çıxıb. Məsələ səhmlərinin 50 faizi dövlətə məxsus olan bankda audit yoxlamaları və hüquq-mühafizə orqanlarının məhkəmə müraciətlərindən bəlli olub. Bank və dövlət rəsmiləri isə gedən yoxlamaları və hətta həbsləri də ört-basdır etməyə çalışırlar.
Çox keçmədən mətbuat istintaq məlumatlarına yazdı ki, Beynəlxalq Bankda vaxtı ötmüş kreditlərin təqribən üçdə biri - təhlükəli və "ümidsiz" kreditlərin həcminə bərabər məbləğ bir adamın əlindən keçib.
Aradan keçən bir ildən artıq müddətdə isə Beynəlxalq Bank prezidenti Cahangir Hacıyevlə Xaqani Bəşirov arasındakı sövdələşmələrlə bağlı digər faktlar da ortaya çıxdı. Məsələn, həmin faktların birinə görə, 2010-cu ildə bu bankın 48 milyon manat gəliri olub. Həmin məbləğin 47 milyon 581 min 642 manatı C.Hacıyevlə X.Bəşirovun Şəki filialında yaratdıqları maliyyə maxinasiyalarının ört-basdır edilməsinə yönəlib.
Maraqlananlar üçün qeyd edək ki, Cahangir Hacıyevin qalmaqallı şəriki olan 50 yaşlı Xəqani Bəşirov geniş əlaqələrə malik azərbaycanlı biznesmendir. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də, Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var.
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining plc" şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti "VneshExpertService"-i yaradıb (2006-cı ildə "V.E.S. Consultancy LLC" şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.
Yeni məlumatlar isə ondan ibarətdir ki, artıq Beynəlxalq Bank prezidenti bu tərəfdaşlıqdan vaz keçməyi qərara alıb. Hacıyev Bəşirovla sövdələşmələrinin karyerasını artıq ciddi şəkildə təhlükə altına aldığının fərqinə vararaq bu addımı atıb.
Redaksiyamıza gələn bilgilərdə vurğulanır ki, Cahangir Hacıyevin Bəşirovla iplərinin tamamilə qoparmasının ən yaxşı isbatlarından biri Beynəlxalq Bankın Milli Karate Federasiyasının sponsorluğundan da imtina etməsidir. Məsələ burasındadır ki, həmin federasiyanın prezidenti Yaşar Bəşirov Xaqani Bəşirovun qardaşıdır və Hacıyevin bankı da məhz bu səbəbdən Milli Karate Federasiyasını himayəsi altına alıb.
Amma Xaqani Bəşirovla tərəfdaşlığın pozulması ilə Cahangir Hacıyev həmin federasiyadan maddi dəstəyini də kəsib. Bu, onun qalmaqallı iş adamla heç bir bağlarının qalmasını istəməməsinin göstəricisi sayıla bilər.

Azər Aslan