"Son 3 ay ərzində ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb".

Unikal.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev söyləyib. Onun sözlərinə görə, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib:

"Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib.

Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Aparılan təhlillər göstərir ki, nazirliyin "qaynar xəttinə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub.

Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, Nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə Nazirlik tərəfindən təşəkkür bildirilib".
Nazir müavini onu da əlavə edib ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq hələ də ağac kəsintisi tamamilə aradan qalxmayıb:

"Ölkə başçısının da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb.

Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq".