Müttəfiqliyin yenimərhələsi
Müttəfiqliyin yenimərhələsi

Hərbi əməkdaşlığa maraq artırılmalıdır

Türkiyə -Azərbaycan Strateji Əməkdaşlıq Şurası aktiv fəaliyyətə başlaya bildi. Adı çəkilən qrum bir müddət öncə yaradılmışdı və o qədər də effektli nəticələr əldə etmək mümkün deyildi. Çünki orta da ciddi texniki və təşkilatı problemlər var idi və bunun həlli kifayət qədər vaxt itkisi ilə müşahidə olunur. Amma nəticə etibarı ilə məsələ həll olundu və artıq ikinci toplantıya rəsmi start verilib.

Belə ki, bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanında iştirak edəcəyi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı Qəbələ şəhərində keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə türk mətbuatı məlumat yayıb. Bildirilib ki, tədbirin keçirilmə yeri dəyişdirildiyindən rəsmi toplantı Qəbələdə təşkil olunacaq.
Toplantıya Türkiyə heyətinə R.T.Ərdoğan başçılıq edəcək. Həmçinin qeyd olunub ki, Qəbələdə təşkil olunacaq tədbirdə iki ölkə arasında siyasi əlaqələr, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq, iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, elm, mədəniyyət sahələrində əməkdaşlığın gələcək prioritetləri müzakirə ediləcək.
Türkiyə mətbuatının yaydığı məlumata görə, toplantıda Qarabağ problemi, Ermənistan-Azərbaycan əlaqələri və erməni soyqırım iddiaları da müzakirəyə çıxarılacaq.
Yığıncağın sonunda isə 5 razılaşma imzalanacaq. Toplantıda Türkiyə ilə Azərbaycan arasındakı viza rejimi məsələsi gündəmə salınmayıb. Çox maraqlıdır bu komissiyanın fəaliyyəti iki ölkə arasında hansı yeni imkanlar yarada bilər? Öncəliklə qeyd edək ki, hazırkı regional vəziyyət o haldadır ki, Türkiyə və Azərbaycan strateji müttəfiq olaraq daha sıx ünsiyətdə olmalı və bəzi məsələlərdə eyni mövqe sərgiləməlidirlər. O cümlədən Dağlıq Qarabağ məsələsində də iki ölkə arasındakı əməkdaşlıq daha da intensivləşməli və yeni mərhələyə keçid lazımdır. Belə ki, Rusiya son bir neçə ay ərzində regionda hərbi gücünü artırır, Ermənistandakı bazasını genişləndirib və Qafqazda hərbi hissələrinin sayını çoxaldıb. Bunun qarşılığında isə Türkiyə gücünü daha da artırmalıdır və əməkdaşlıqda hərbi əməkdaşlığın imkanları genişləndirilməlidir. İlk növbədə hesab edilir ki, Türkiyə-Naxçıvan hərbi əməkdaşlığı daha ciddi müstəviyə keçməli, hərbi əməkdaşlıq genişləndirilməli və praktik addımların sayı artırılmalıdır. O cümlədən hesab etmək lazımdır ki, son günlər Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğluda bu sahədə ciddi addımlar atıb və son açıqlamasında bildirib ki, Dağlı Qarabağ probleminin müzakirəsi artıq Türkiyədə reallaşdırılmalıdır. Əhməd Davudoğlunun bu açıqlaması əslində kifayət qədər maraqlı prosesdir və bunun üçün cəhdlər artırılmalıdır. Bu gün komissiyanın fəaliyyətində də bu məsələ prioritetlik təşkil etməlidir. Ekspertlər bildirir ki, yaranmış vəziyyətdə komissiyanın ikinci əsas vəzifəsi NATO –Azərbaycan münasibətlərinin müzakirəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, hansısa hərbi bloqa qoşulmayacaq. Bunun qarşılığında isə Rusiya regionda gücünü artırmaqla Azərbaycan üçün real təhlükə yaradır. Hesab edilir ki, Gürcüstanın NATO-ya üzv olmaq istəyi də Rusiyanı regionda daha da aqressivləşdirir. Belə olan halda Azərbaycan Türkiyənin bu sahədə ki, əməkdaşlığından daha çox bəhrələnməlidir.
Beləliklə hesab etmək olar ki, adı çəkilən komissiyanın aktivləşməsinin müsbət nəticələrini yaxın aylarda daha qabarıq şəkildə görə biləcəyik.
Mehdi Əli