Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Unikal.org-un məlumatına görə, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Hesabat məruzəsi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğuladı. Belə ki, 2018-ci ilin doqquz ayında ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artmışdır. Doqquz ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 45 milyard dollar səviyyəsinə çatmış, ticarət dövriyyəsi 37 faiz artmışdır. 9 ay ərzində 85 min daimi iş yeri yaradılıb.

Hesabat nitqində rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirmişdir ki, sənaye sahəsində 793 mln 430 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln 499 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. Bundan əlavə 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artmış, istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 mln 487 min manatlıq istehlak malları satılıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 547 mln 465 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 dəfə çox vəsait yönəldilib. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 157 mln 609 min manat həcmində əsas fondlar istifadəyə verilmişdirş Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln 340 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artmışdır. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2018-сi ilin doqquz ayı ərzində 720 ailəyə ünvanlı sosial yardım təyin edilib. 2018-ci ilin doqquz ayında Rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 1708 yeni iş yeri yaradılıb.

Sonra Hesabat məruzəsi ətrafında Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rayon İcra Hakimiyyəti Başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Oqtay Sadıqov, Qaradağ Rayon Məşğulluq mərkəzinin direktoru Çapay İbrahimov məruzə ətrafında çıxış edib. 

Daha sonra Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının təltif edilməsi haqqında 31 iyun 2018-ci il tarixli, sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Aydın Zəkiyev təbrik edilib.

Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yekun vurub.