19 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayon Gənclər Evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir. Zona toplantısında Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər. 

Unikal.org GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı, eyni zamanda zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər. Toplantı iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. 

Daha sonra qonaqlar və toplantı iştirakçıları gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgi ilə tanışlıq bitdikdən sonra Gənclər Evinin akt zalında Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı öz işinə başlayıb. Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı toplantı iştirakçılarını salamladılar. Rəsmi çıxşlar bitdikdən sonra zona toplantısının işində əlaqədar dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələrə başlandı. Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov "Azərbaycanda təhsilin inkişafı mövzusunda, "Gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit mövzusunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Elnur Kazımov, "Dövlətin məşğulluq siyasəti və gənclərin sosial rifahı mövzusunda Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktor müavini Mübariz Müstafayev, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Sarvan Cəbrayılov, İqtisadiyyat Nazirliyinin Lənkəran bölməsinin müdiri Çingiz Məmmədov "Ətraf mühitin qorunması-gənclərin iştirakı və məsuliyyəti mövzusunda çıxış ediblər. Azərbaycan Respublikası Gənclər Fondunun Beynəlxalq Əlaqələr və Strateji araşdırmalar mərkəzinin rəhbəri Vüsalə Niftəliyeva isə Fondun fəaliyyəti və yeniliklər barədə toplantı iştirakçılarına geniş məlumat verdilər.Ekspertlərin çıxışları bitdikdən sonra toplantı iştirakçıları tərəfindən onları maraqlandıran çoxsaylı suallar verildi, fikir mübadiləsi aparıldı. İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib. 

Rəsmi hissə bitdikdən sonra konsert proqramı təşkil edildi. Bununla da, Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı Biləsuvar rayonunda keçirilən zona toplantısı işini bitirib.