ABŞ-ın rəhbərlik etdiyi İŞİD terrorçularına qarşı beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki məscidlərdən birinə hava zərbəsi endirib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Deyr-Ez-Zor vilayətindəki mənbə bildirib.

Məlumata görə, Suse qəsəbəsindəki "Osman bin Əffan" məscidinə endirilən hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub. Məscid zərbə nəticəsində dağıdılıb.

Qeyd edilir ki, koalisiya qüvvələrinin son 3 gündə Suse və Hacin ərazilərinə endirdikləri hava zərbələri nəticəsində ümumilikdə 65 dinc sakin həlak olub.

Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.